26 C
Baku
Saturday, July 27, 2024

2016-cı ildə Azərbaycan iqtisadiyyatını nə gözləyir? – EKSPERT

“Həm hökumət, həm də vətəndaşlar daha qənaətli olacaq”.

Prezident İlham Əliyev 2016-cı ilin dövlət büdcəsinin təsdiqlənməsi ilə bağlı fərmanında dövlət qurumlarına müxtəlif məsələlərlə bağlı tapşırıqlar verib. Dəyişikliklər, gömrük tariflərinə, bank əmanətlərinə, fermerlərə güzəştlərə, dövlət mülkiyyətinin özəlləşdirilməsinə və sair sahələrə aid olacaq.

Belə ki, növbəti ildə gömrük tariflərinin, fermerlərə verilən subsidiyaların artırılması, özəlləşdirilmə prosesinin sürətləndirilməsi, dövlət büdcəsindən Qaçqın və Məcburi köçkünlərə ayırmaların optimallaşdırılması gözlənilir.

Cari ilin başa çatmasına bir aydan da az vaxt qalıb və 2016-cı ildə Azərbaycan iqtisadiyyatını nəyin gözlədiyi hamını maraqlandırır.

Oxu.Az məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramovun fikirlərini öyrənib.

Musahibe_Vugar_Bayramov_logo.mpg_snapshot_08.56_2014.02.20_16.25

V.Bayramov deyib ki, növbəti ildə Azərbaycan xarici borclanmaya gedəcək:

“2016-cı ildə Azərbaycan xarici borclanmaya gedəcək. Çünki xarici borc limitinin də artırılması bundan xəbər verir. Növbəti ildə valyuta ehtiyacının ödənilməsi üçün xarici borclanma əsas mənbələrdən biri kimi çıxış edəcək. Dünya bazarında neftin qiyməti aşağı olaraq qalarsa, bu halda Azərbaycan daxili və xarici borclanma ilə fərqi kompensasiya etməyə çalışacaq.

Əslində dövlət rezervlərinin xərclənməsində daha çox aşağı faizli, uzunmüddətli xarici borclanmaya getmək daha məqsədəuyğundur. Çünki dövlət rezervləri həm də Azərbaycan üçün bir növ sığorta rolunu oynayır. Ona görə də 2016-cı ildə hökumət çalışacaq ki, dövlət rezervlərindən böyük həcmdə istifadə etməsin.

Təbii ki, 2016-cı ildə özəlləşdirmə prosesinin sürətləndirilməsi nəzərdə tutulub. Bununla bağlı özəlləşdirmədən büdcəyə daxilolmaların artırılması və özəlləşdirmə hesabına büdcə gəlirlərinin artırılması əsas hədəflərdən biri olacaq”.

“Bütövlükdə, 2016-cı ildə hökumət qənaət prinsipini davam etdirəcək. Həm dövlət rezervlərinin istifadəsi, həm də dövlət büdcəsinin xərcləmələri optimallaşdırılacaq. Qənaət hesabına neftin dünya bazarında qiymətinin dəyən və yaranan fərqində kompensasiya edilmiş olacaq”, – deyə o əlavə edib.

O deyib ki, növbəti ildə bizi çətin il gözləyir, ancaq bununla belə sosial öhdəliklər qorunub saxlanılacaq:

“2016-cı il çətin il olacaq. Ancaq buna rəğmən sosial ayırmaların verilməsində növbəti ildə problem olmayacaq. Çünki dövlət büdcəsindən bu istiqamətdə 5 milyard 267 milyon manat vəsait nəzərdə tutulub, bu isə əvvəlki illərlə müqayisədə 0,7% çoxdur. Büdcədə bu vəsaitin ödənilməsi ilə bağlı artıq mənbələr təmin edilib. 2016-cı ildə sosial ayırmalar, pensiya, əmək haqqlarının ödənilməsi ilə bağlı ciddi problem olmayacaq.

Büdcə bu öhdəlikliyini yerinə yetirə biləcək. 2016-cı ildə dövlət büdcəsindən birbaşa əmək haqqları xərclərinə 2 milyard 523 milyon manat vəsiat ayrılacaq. Bu isə 2015-ci il ilə müqayisədə 21,7% çoxdur.

Təqaüdlər və sosial müavinətlərin verilməsi üçün ayrılan məbləğin həcmi 1 milyard 800 milyon manat olacaq, bu da əvvəlki illə müqayisədə 11,2% çoxdur. Sosial ayrılmalar və sosial öhdəliklər 2016-cı ildə qorunub saxlanılacaq. Bu istiqamətdə dövlətin hər hansı bir çətinliyi olmayacaq”.

İqtisadçı deyib ki, hökumət kapital və infrastruktur xərcləmələrini azaldacaq, o cümlədən vətəndaşlar da daha qənaətli olacaqlar:

“Bununla yanaşı təbii ki, müəyyən kapital və infrastruktur xərclərində azalmalar olacaq. Çünki sosial öhdəlikləri yerinə yetirmək üçün dövlət digər xərclərdə qənaət prinsipi tətbiq edəcək. Bu baxımdan güman edilir ki, vətəndaşlar da qənaətə üstünlük verəcək, çünki 2016-cı ildə xidmət və iaşə sektorunda da xərcləmələrin azalması nəzərdə tutulub”.

Ekspert vurğulayıb ki, növbəti il çətin olsa da belə, bu Azərbaycan üçün böhran xarakteri daşımayacaq:

“Bu baxımdan 2016-cı il asan il olmayacaq. Bununla belə, növbəti ildə Azərbaycan iqtisadiyyatında hər hansı böhran elementləri olmayacaq. Narahatlığa ehtiyac yoxdur. Amma regional və qlobal dəyişikliklər fonunda 2016-cı il Azərbaycan və hökumət, əhalinin qənaət prinsipindən istifadə etməklə, bütövlükdə növbəti ildə azalan gəlirləri kompensasiya edəcəyi gözlənilir”, – deyə Bayramov əlavə edib.

Ekspert həmçinin təklif edib ki, fermerlərə subsidiyalar hektara görə deyil, istehsal olunan məhsulun həcminə görə artırılmalıdır, əmanətlərin qorunması məsələsi təkmilləşdirilməlidir, əmanətlərin indeksasiya prosesi həyata keçirilməlidir.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.