24 C
Baku
Thursday, April 18, 2024

5-10 ildən sonra sığorta satışları onlayn üzərindən həyata keçirilə bilər

Azərbaycanda insanların ağlına mən sığorta almalıyam fikri gəlmir. Buna görə də həm sığorta şirkətləri, banklar, sığorta agentləri bu məsələni gündəmdə saxlamalıdır. Yəni, müştərinin tələbatı olmadan belə o sığortaya gəlməlidir. Bunu Banker.az saytına AXA MBASK sığorta şirkətinin İdarə Heyətinin Sədri Yavuz Ölken deyib.

Bank kreditlərindən əldə etdiyimiz gəlir bu il 150 min manata enib

Mərkəzi Bankın addığı addımlar sığorta bazarına təsirsiz ötüşmədi. Sığorta bazarında çətinliklər yaratdı. Bu çətinliklər ondan ibarət oldu ki, bank kreditləri ilə bağlı satılan avtomobil kreditləri 50%-dən çox azaldı. Belə ki, bank kreditlərindən əldə etdiyimiz gəlirlər aylıq 350-400 min manat idi bu il isə bu göstərici 150 min manata endi.  Qeyd edim ki, dövlətin pul siyasəti, iqtisadi nöqteyi-nəzərindən bu yerində atılmış addım oldu. Biz banklardan asılı olmamalıyıq. Sığorta şirkətləri çalışmalıdırlar ki, küçədəki insanın sığortasını təmin etsin. AXA MBASK sağlamlıq, fərdi qəza, əmlak, kasko, tikinti, icbari sığorta növləri üzrə çox işlər gördü. Sadaladığım sığorta növlərində satışlarımız yüksək oldu. Yəni, AXA MBASK tək avtomobil kreditlərinə bağlı şirkət deyil. Bizim şirkət çoxlu kanaldan satış həyata keçirir. Bununla yanaşı bazara yeni məhsullar təqdim edəcəyik. Bu yeni məhsullar isə kiçik ticarət müəssisələrinin əmlak və məsuliyyət sığortası növləri olacaq. Əminliklə qeyd edə bilərik ki, Mərkəzi Bankın addığı addımlar şirkətimizə təsiri ciddi olmadı.

AXA MBASK insanlara sığortadan danışır(maarifləndirir)

AXA MBASK 2011-ci ildən “Sığorta Agentlikləri Formunu” təşkil edir. Xatırladım ki, bu forumlar çərçivəsində agentlərimizi sığorta bazarı haqqında maarifləndirir, şirkətimizin strategiyalarını izah edir, AXA-nın beynəlxalq təcrübəsi ışıqlandırırıq. Müştəriyə xidmətin keyfiyyətli olmasını düşünən AXA MBASK bazarın inkişafına təsir göstərir. Forumlar AXA MBASK ailəsinin eyni istiqamətə fokuslanmasına şərait yaradır. Qeyd edim ki, hər il Forumlarımızın fərqli mövzuları olur. Məsələn, 2011-ci ildə Agentimi tanıyıram, agentimə inanıram, 2012-ci ildə Fərqliyik, fərq yaratmaq üçün burdayıq, 2013-cü ildə  Güclü brendimizlə fərq yaratmağa davam edirik dedik, 2014-cü ildə isə Etibarlı və asan xidmət modeli deyəcəyik. Forumların mövzuları bazarda öz uğurlu həllini tapdı. AXA MBASK sığorta işinə fərqli yanaşma ortaya qoydu.  Bizim forumlarımız təkcə agentlərlə bağlı deyil, eyni zamanda forumlarda müştərilərimizə sığorta işinin önəmini izah edirik.

Bizim üç şəhərdə AXA MBASK Akademiyamız fəaliyyət göstərir. Gəncə, Lənkəran, Quba və s kimi şəhərlərə gedir, 500-600 nəfər vətəndaşımıza sığortadan danışırıq. İnsanlara sığorta sizə necə faydalı olar, hansı üstünlükləri var  izah edirik. Həmin şəhərlərdə agentlik etmək istəyən insanları maarifləndiririk. AXA Akademiyasında agentlərimizə treyninqlər keçirirk.

Kadrlarının peşəkarlığını artırır: Hər il bizim 10-12 nəfər əməkdaşımız  Türkiyədə təşkil olunan treyninqlərə qatılır. Bu treyninqlər 1 həftə 10 gün müddətində davam edir. Bundan əlavə, idarəçilik səviyyəsində beynəlxalq treyninqlər təşkil edirik. İldə 4 dəfə olmaqla treyniqlər təşkil edir, bazardakı dəyişiklikləri müzakirə edirik. Bu şəkildə kadrlarımızın peşəkarlığını artırırıq. Yəni, müştəri keyfiyyətini bu şəkildə təmin etmək olar, yoxsa kimsə sığorta almayacaq.

Sığorta şirkətləri insanların işini asanlaşdırmalıdır

Müştəri keyfiyyətini sadəcə ucuz sığorta qiymətləri müəyyən etməklə  təmin etmək olmaz. Buna əlavə olaraq müştəri əmin olmalıdır ki, qəza baş verdiyi təqdirdə onun həyatını asan hala gətirən sığorta şirkəti var. Müştəri sığorta ilə bağlı hər hansı məlumat əldə etmək istədikdə, şirkətə zəng etdikdə, onu operativ şəkildə düzgün məlumatlandırmalısan. Sığorta hasidəsi baş verdikdə, müştəri ilə bu tip problem yaranır. Müştəri istəyir ki, problemi tez bir zamanda həll olunsun. Sığorta şirkətləri birinci qəzanı müəyyənləşdirir sonra onun təmiri barəsində düşünür. AXA MBASK sığorta hadisəsi baş verdikdə 1, yarım saat içində hadisə yerinə gedir, fotoşəkillər çəkir. Online şəkildə müştərinin bütün hesablarına baxır. Bütün məlumatlar qəza ərazisindəki mütəxəssisimizə göndərilir. Müştəri evinə çatmamış onun avtomobili artıq avtosalonda təmirdə olur. Bizim sistemimiz məhz bu şəkildə qurulub. Şirkətimizin iki dənə call centre –si var. Biri müştəri xidmətləri, digəri isə qəza. Müştəri xidmətləri müştərini maraqlandıran sualları cavablandırır. Qəza ilə bağlı call centremizə müştəri sığorta hadisəsi zamanı zəng vurur. Qəzanın növünə görə fərqli mütəxəssislərimiz müştəriləri cavablandırır. Müştəri 950 qaynar xəttə zəng etdikdən sonra, mütəxəsislərimiz onu lazımı informasiyalar ilə məlumatlandırırlar.

Sığortanın inkişafına bəxbəxt hadisələr müsbət təsir göstərir

Azərbaycandan fərqli olaraq Türkiyədə tez-tez zəlzələ, su, fırtına baş verir. Belə deyək, sığortanın inkişafı üçün də məhz bədbəxt hadisələr olmalıdır. Düzdür, bu arzuolunan deyil, amma bazara məhz sadaladığım amillər təsir göstərir. Zaqatala bölgəsində baş vermiş zəlzələ zamanı AXA MBASK-ın satışları rekord həddə çatdı. Biz çalışmalıyıq ki, belə hadisələr olmadan da məhsullarımızı sata bilək. Bunun üçün daha ucuz, praktiki məhsullar hazırlayırıq. Məqsədimiz isə insanlarda vərdiş yaratmaqdır. Yanğından məsuliyyət sığortasından tutmuş, ev əşyalarının sığortasına qədər yeni məhsullar bazara təqdim edəcəyik.

5-10 ildən sonra sığorta satışları onlayn üzərindən həyata keçirilə bilər

Sığorta şirkətləri çalışmalıdırlar ki, agentlər vasitəsilə satışları həyata keçirsinlər. Birinci növbədə müqavilə ilə sığorta satışını həyata keçirməliyik, insanlarda bu vərdişi yaratmalıyıq. Azərbaycan sığorta bazarı hələ satışların onlayn üzərindən həyata keçirilməsinə hazır deyil. Yəni daha çox müqavilə satmalıyıq ki, sonra onlayn rejimə keçə bilək. Bu gün isə agentlər vasitəsilə satışın faydalı ola biləcəyini düşünürəm.

Azərbaycanda sığorta işinə vergi kimi baxırlar

İnsanlar düşünür: “ Bu il heç bir sığorta hadisəsi baş vermədi, biz nəyə görə sığorta haqqı ödəməliyik”. Sığorta işi bu sistemlə işləmir. Ola bilər ki, növbəti beş il heç bir qəza baş verməsin, amma 6 –cı il elə bir hadisə baş verə bilər ki, 5 il ödədiyin sığorta haqqının 10 misli qədər ödəniş alarsan. Bunun üçün  sığorta işinə inanmaq lazımdır.

Regionlara investisiya etməkdə davam edəcəyik

Bizim region siyasətimiz dəyişmir. Regionlardakı agetlərimizə investisiya etməkdə davam edəcəyik. Korporativ və onlayn satış istiqamətində də işlərimizi davam etdirəcəyik.

Son xəbərlər
Digər xəbərlər