2021-ci ilin yanvar-mart aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.2 faiz artaraq 8.8 milyard manat təşkil etmişdir.
Banker.az bu barədə Bakı Şəhər Statistika İdarəsinin ylıq hesabatına istinadən xəbər verir.
Belə ki, sənaye məhsulunun 77.6 faizi mədənçıxarma, 18.6 faizi emal, 3.1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0.7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 84.5 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89.9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10.1 faiz təşkil etmişdir. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 aprel 2021-ci il vəziyyətinə 340.6 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 84.3 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.