8 C
Baku
Friday, December 13, 2024

8 Noyabr prospektində avtobus və velosiped zolaqları təşkil ediləcək

Bakıda 8 Noyabr prospektində yenidənqurma işləri çərçivəsində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin və mobilliyin artırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni layihə hazırlayaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edib.

Bu barədə nazirliyin məlumatında bildirilir.

Məlumata görə, layihədə tətbiq olunacaq yanaşma Şurada aidiyyəti qurumların iştirakı ilə razılaşdırılıb.

Beləliklə, görülən işlər çərçivəsində 8 Noyabr prospektində avtobus zolaqları təşkil ediləcək, ayrılmış velosiped zolaqları salınacaq, işıqlandırma səviyyəsi yaxşılaşdırılacaq, bufer zona tətbiq ediləcək, hərəkət zolaqlarının sayı eyni saxlanılacaq.

8 Noyabr prospektində xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradacaq. Zolağın təşkili ilə avtobusların orta hərəkət sürəti artacaq, sərnişinlərin səfər müddəti isə azalacaq.

“İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Buna görə də avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır. 8 Noyabr prospektində nəqliyyat vasitələrinin hərəkət istiqamətində, prospektin sağ və sol kənarlarında ümumi uzunluğu 10 km-ə yaxın velosiped yolları da salınacaq. Sözügedən velosiped yolları “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılacaq. İşlər yekunlaşdıqdan sonra 8 Noyabr prospektinin kənarlarında yerləşən yaşayış sahələri, sonda isə Xətai rayonunda yerləşən Polad Həşimov qəsəbəsi şəhər mərkəzi ilə əlaqələndiriləcək. Həmin yaşayış sahələrinin sakinlərinin mikromobillik zolaqlarına əlçatanlığı təmin ediləcək. Növbəti mərhələlərdə isə həmin velosiped yolları şəhər mərkəzindəki mikromobillik zolaqları ilə əlaqələndiriləcək”, – deyə məlumatda qeyd olunub.

c1b0f98e d00e 31fc ae6d 6c37f9cc1694 850

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər