6 C
Baku
Monday, December 16, 2024

8 Noyabr prospektinin bağlanmış hissəsi sürücülərin istifadəsinə verilib

Bakının 8 noyabr prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılan təmir işləri artıq yekunlaşıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında bildirilir.

Məlumata görə, sözügedən hissə üzrə prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün mövcud piyada səkiləri bərpa olunub, kənarlarına yeni səki daşları düzülüb, köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.

Son mərhələ üzrə prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də icra olunub.

Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilərək aidiyyəti qurumların iştirakı ilə razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni saxlanılmaqla avtobus zolağı təşkil edilib, ayrılmış velosiped yolu salınıb, velosiped yolu “bufer zona” vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılıb, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülüb.

Layihə üzrə prospekt boyunca ümumilikdə 10 km-ə yaxın velosiped yollarının salınması nəzərdə tutulur.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmalarını, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edib.

8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər