Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) sığorta sektorunda verilmiş, qüvvəsi dayandırılmış və ləğv edilmiş lisenziyalar barədə məlumat açıqlayıb.
Banker.az xəbər verir ki, Palatanın İdarə Heyətinin qərarı ilə Ağalarov Mircamal Hüseyn oğluna sığorta agenti fəaliyyətinə lisenziya verilib, 4 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 3 ay müddətinə dayandırılıb və 8 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları məcburi qaydada ləğv edilib.
Belə ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 86.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 26 dekabr 2018-ci il tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Ağalarov Mircamal Hüseyn oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilib.
İdarə Heyətinin eyni qərarı ilə 2018-ci ilin 3-cü rübü üzrə maliyyə bazarlarına nəzarət orqanına müəyyən olunmuş formada hesabatın təqdim edilməməsi ilə bağlı Qanunun 106.1.10-cu maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq 4 nəfər fiziki şəxsin (siyahı əlavə olunur) sığorta agenti fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 3 ay müddətinə dayandırılıb.
Fəaliyyətləri barədə rüblük hesabatları təqdim etməyən və bu səbəbdən lisenziyalarının qüvvəsi dayandırılmış şəxslər tərəfindən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmaması ilə əlaqədar Qanunun 107.1.2-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq 7 nəfər fiziki şəxsin (siyahı əlavə olunur) sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları İdarə Heyətinin qərarı ilə ləğv edilib.
Əzizov Bayram Əli-Əkpər oğlunun fəaliyyəti dövründə əldə etdiyi sığorta sirri hesab edilən məlumatların digər şəxslərə açıqlaması ilə əlaqədar Qanunun 107.1.7-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq Əzizov Bayram Əli-Əkpər oğluna sığorta agenti fəaliyyətinə verilmiş 12 mart 2013-cü il tarixli 000894 nömrəli lisenziya İdarə Heyətinin qərarı ilə ləğv edilib.