“Rusiya iqtisadiyyatına diqqət yetirsək, heç bir fundamental dəyişikliyin olmadığını görəcəyik. Bu, çox təhlükəli durumdur, çünki son illərdə hökumətin əlində valyuta ehtiyatları kimi güclü alət olub. Lakin hazırda bu pullar azalıb və gələcəkdə neft qiymətləri yenidən azalmağa başlayarsa, iqtisadi problemlərin miqyası daha böyük olacaq”. “Gazeta.ru” saytı xəbər verir ki, bu açıqlamanı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) dosenti Aleksey Mixeyev bildirib.
A.Mixeyevə görə, Rusiya iqtisadiyyatı neftdən çox asılıdır və hazırda müşahidə olunan müsbət dinamika enerji daşıyıcılarının qiymətinin artması ilə bağlı olan müvəqqəti haldır.
“Resessiyadan çıxmaq üçün isə Rusiya iqtisadiyyatına gözlənilməz və “müsbət şok” effektli hadisələr lazımdır”, – deyə Ali İqtisadiyyat Məktəbi (VŞE) Milli Tədqiqat Universitetinin (NİU) İnkişaf Mərkəzinin direktor müavini Valeriy Mironov bildirib. “Bizim iqtisadiyyat neft qiymətlərinin düşməsi ilə şok devalvasiyaya məruz qalıb. İqtisadiyyatın sağalması üçün şok terapiya keçirərək müəssisələrin və yeni istehsalat yerlərinin açılmasına mane olan bürokratik maneələri aradan qaldırmaq və məhkəmə sistemində islahatlar aparmaq lazımdır”, – deyə V.Mironov qeyd edib.