“Twitter” mikrobloqu “Bloomberg Media” şirkəti ilə birlikdə fasiləsiz xəbər yayımı ilə məşğul olacaq xidmət yaratmağı planlaşdırır.
“The Wall Street Journal” nəşrinə istinadən məlumata görə, online televiziya layihəsi sosial şəbəkənin platformasında yaradılacaq.
Layihənin bu ilin payızında həyata keçirilməsi nəzərdə tutulub. Hələlik adı olmayan telekanal real rejimdə öz xəbərlərini və “Twitter” istifadəçilərinin yoxlanılmış videolarını yayacaq.
“Bloomberg Media”nın icraçı direktoru Castin Smit bildirib ki, çoxları xəbərləri telekanalların birbaşa efirində izləyir və bunları sosial şəbəkədə şərh edir. Şirkət isə bunları vahid platformada birləşdirmək istəyir.
“Bloomberg” və “Twitter” hələlik anlaşmanın maddi tərəflərini açıqlamırlar. Lakin qeyd olunur ki, “Bloomberg” kanalın məzmununa tam nəzarət edəcək. Kanalda reklamlara da yer veriləcək.