Sahibkarlıqda modern biznes idarəçiliyi baxımından yeni kadrlara ehtiyac böyükdür.
Bu sözləri Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibi Orxan Bayramov AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
– Orxan müəllim, ölkədə sahibkarların təşkilatlanması prosesi aktuallaşıb və deyərdim ki, həm də sürətlənib. Bəs, ASK iş adamları üçün nə deməkdir?
– ASK, Azərbaycanda sahibkarların birləşdiyi ən böyük ictimai təşkilatdır. Bu təşkilatın 6 mindən çox üzvü var, burada ölkənin ən böyük holdinqləri, assosiasiyaları birləşib. Bir qədər də dəqiq desək, konfederasiya həm şirkətlərin, həm də bu sahədə mövcud olan ictimai təşkilatların özünün də birləşdiyi vahid bir mərkəzdir. ASK-nın tərkibində 16 sahəvi komissiya fəaliyyət göstərir. Bu komissiyalar ətrafında fəaliyyət sferasına görə birləşən sahibkarlar və assosiasiyalardan daxil olan ilk çağırışları, təklifləri, problemlərlə bağlı şikayətləri toplayır. Müzakirələrdən sonra həmin məsələlər konfederasiyanın icra aparatına çıxarılır.
Daha sadə şəkildə desək, ASK işəgötürənlərlə dövlət arasında bir körpüdür, dialoq platformasıdır. Sirr deyil ki, bütün bizneslərdə ortaq problemlər, iqtisadi maraqların kəsişdiyi məqamlar olur. Bu problemlərin və maraqların sistemli şəkildə həmin münasibətləri tənzimləyən dövlət orqanlarına çatdırılması vacibdir. Ona görə də ASK özündə böyük ictimai faydalılıq daşıyan bir təşkilatdır. Çünki dövlət ilə özəl biznes arasında münasibətlərin tənzimlənməsində, hər iki tərəfin bir-birindən gözləntilərinin koordinasiya olunmasında əvəzsiz rola malikdir.
-Dediniz ki, ASK dövlət ilə onun iqtisadi dayağı olan biznes arasında körpüdür. Maraqlıdır, bu körpünü necə qurursunuz, bu körpünü dövlət tərəfindən hansı icra orqanı təmsil edir?
– Bəli, ASK körpüdür. Unutmayın ki, sahibkarlıq fəaliyyətinin özündə belə üçtərəfli münasibətlər birləşir: sahibkar, işçi və dövlət. Hər üç tərəfin mövqeyini müdafiə edən müvafiq qurumlar var. Bu qurumların bir araya gəlməsi və hər üç tərəfin mənafe və maraqlarının müdafiəsini təşkil etməyə imkan yaradan Baş Kollektiv Saziş mövcuddur. Sazişə əsasən, dövləti – Azərbaycan Respublikası Nazirlər Kabineti, sahibkarları – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, işçiləri isə – Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyası təmsil edir. Eyni zamanda, bu Saziş çərçivəsində daimi əsaslarla, sosial-iqtisadi məsələlər üzrə Üçtərəfli Komissiya fəaliyyət göstərir. Komissiya vaxtaşırı toplaşır və dövləti burada Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov təmsil edir. Bundan başqa, bilirsiniz ki, Prezident İlham Əliyevin Sərəncamı ilə “Biznes mühitinin əlverişliyinin artırılması” ilə bağlı Baş nazirin birinci müavini Yaqub Əyyubovun sədrliyi ilə komissiya fəaliyyət göstərir. Qeyd edim ki, komissiyanın 6 üzvündən biri və sahibkarların nümayəndəsi qismində ASK prezidenti Məmməd Musayev iştirak edir. Həmçinin bu yaxınlarda Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi “Əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası” Komissiyasında özəl sektorun, biznesin maraqlarını ASK təmsil edir.
– Ölkə daxilində fəaliyyətinizə toxunduq. Azərbaycandan kənarda necə, kimlərlə işləyirsiniz?
– ASK-nın beynəlxalq əlaqələri, təmsilçiliyi çox yüksəkdir. Təkcə bir faktı deyim ki, biz 189 üzvü olan və tarixi baxımından BMT-dən belə əvvəl yaranmış Beynəlxalq Əmək Təşkilatının üzvüyük. Həmçinin, Beynəlxalq İşəgötürənlər Təşkilatı, Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, İpək Yolu Beynəlxalq Ticarət Palatası, Türkdilli ölkələrin Biznes Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə üzvlüyümüz və sıx əməkdaşlığımız mövcuddur. Eyni zamanda ASK, Azərbaycanda fəaliyyət göstərən bir çox dövlətlərin, səfirliklərin iqtisadi attaşeləri ilə daimi görüşlər keçirir, ixrac potensialı, investisiya imkanları ilə bağlı onların təkliflərini alır. Siyahı bununla da bitmir: Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa İttifaqı, Rusiya və Ukrayna Sənayeçilər və Sahibkarlar Konqresi, Türkiyə, Rumıniya, Moldova, Gürcüstan, Yunanıstan, Macarıstan, Polşa İşəgötürənlər Assosiasiyaları və Konfederasiyaları, İran Ticarət Sənaye və Mədən Palatası ilə sıx əməkdaşlıq münasibətləri qurulub. Ölkənin ixrac potensialının gücləndirilməsi məqsədilə konfederasiyanın regional nümayəndələri ilə yanaşı, xaricdə də təmsilçiləri fəaliyyət göstərir. Hazırda Türkiyə, Gürcüstan, Ukrayna, Almaniya, İtaliya, İspaniya, ABŞ, Böyük Britaniya, Bolqarıstan, Moldova, Macarıstan, Çexiya, Polşa, Rusiya, Fransa, Macarıstanda ASK-nın nümayəndəlikləri fəaliyyət göstərir.
– Qeyri-neft sektorunda çalışan ixracatçıların respublika müşavirəsi keçirildi və Prezident sahibkarların, icra strukturlarının qarşısında konkret vəzifələr qoydu. ASK-nın bu istiqamətdə rolu nədən ibarətdir?
– ASK-nın imkanları çox genişdir. Biz sahibkarların həm daxili, həm də xarici bazarda özlərinə alıcı tapmalarına çıxış imkanlarını asanlaşdıra bilirik. Buna konfederasiyanın böyük bir sahibkar ordusunu öz ətrafında birləşdirməsi və xarici tərəfdaşlarının böyük şəbəkəyə malik olması imkan verir. Hesab edirəm ki, ASK biznesdə informasiya dəhlizinin üzərində yerləşən, sahibkarlar üçün faydalı məlumatların mərkəzləşdiyi bir orqandır. Bu məlumatların arasında təbii ki, hansı ölkədə hansı məhsula daha yüksək tələbat olması, həmin sahibkarlarla əlaqə imkanları kimi qiymətli informasiyaları da var və biz bu informasiyaları öz üzvlərimizlə paylaşırıq. Qeyd edim ki, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin ticarət attaşeləri ilə görüşləri intensivləşdirmişik və bu görüşlər bizə ixrac üçün yeni məlumatlar toplamağa imkan yaradır. Həmçinin “Made in Azerbaijan” brendi almış şirkətlərin siyahısını tərtib etmişik və onların geniş təbliğatına başlamışıq. Bütün görüşlərimizdə xarici bazarlar üçün maraqlı ola biləcək şirkətlər və məhsullar haqqında məlumatları xarici həmkarlarımıza təqdim edirik. Həmçinin xarici ölkələrdə işləyən nümayəndəliklərimizin sayını artırırıq ki, coğrafi baxımdan daha böyük bazarları əhatə edə bilək. Beynəlxalq sərgilərdə və tədbirlərdə ASK-nı təmsil edən sahibkarlar arasında ixracat potensialı olan sahibkarların iştirakına daha çox önəm veririk. Yaxın zamanlarda bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsi də planlaşdırılır.
– Son iki ildə ölkədə sahibkarlıq sahəsində ciddi islahatlar həyata keçirilir. Sahibkarların, özəl biznesin qarşısında yeni hədəflər qoyulub. Bütün strukturlara artıq kəmiyyət deyil, keyfiyyət baxımından inkişaf etməyə çağırışlar səslənir. Bu islahatlar dalğası ASK-nın işində də hiss olunurmu?
– Əlbəttə, bunsuz mümkün də deyil. Azərbaycanda müasir, eyni zamanda post-neft iqtisadiyyatının qurulması prosesi sürətlənib. Sahibkarlıqda modern biznes idarəçiliyi baxımından yeni kadrlara ehtiyac böyükdür. Bu ehtiyac həm də sahibkarların birləşdiyi ASK-da da özünü göstərir. Ona görə də kadr potensialını gücləndirməyə, sistemli işin təkmilləşdirilməsinə böyük önəm verilir. Konfederasiya üzvlərlə münasibətlərini daha sıx qurmağa, dialoqu gücləndirməyə çalışır. Hazırda sayı minlərlə olan üzvlərimizin inkişafında konfederasiyanın rolunu yüksəltməyə xidmət edəcək yeni layihələrin üzərində işləyirik. Unutmayaq ki, məhsul istehsalı və ya xidmət sferası olsun, fərq etməz, iş quran sahibkar ilk növbədə rəqabətə tab gətirən keyfiyyətli nəticə ortaya qoymalıdır. Əks halda onu sata bilməz, sata bilməzsə, deməli mövcud ola bilməz. Bu amil ASK üçün də keçərlidir. Hesab edirəm ki, konfederasiya həm dövlət-sahibkar, həm də sahibkar-işçi münasibətlərində, eləcə də beynəlxalq əlaqələrin qurulmasında daşıdığı funksiyaları keyfiyyətcə yeni müstəviyə keçirəcək və nəticədə ölkəmiz üçün daha yaxşı iqtisadi nəticələrin əldə olunmasında üzərinə düşən məsuliyyəti daha yaxşı yerinə yetirəcək. Bunun üçün dövlətin böyük dəstəyini hiss edirik.
Elə aprelin 25-də “Sahibkarlar Günü” münasibətilə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə ASK-nın prezidenti Məmməd Musayevin 2-ci dərəcəli “Vətənə Xidmətə görə” ordeni, vitse-prezident Vüqar Zeynalovun və ölkənin iqtisadi inkişafında səmərəli işi ilə seçilən sahibkarların “Tərəqqi” medalı ilə təltif olunması da buna bariz nümunədir. Biz də ASK olaraq, dövlət başçısına təşəkkürümüzü bildirir və bütün mükafat alanları təbrik edir, onlara biznesdə və həyatda uğurlar arzulayırıq.