Keçən il demək olar ki, hər üçüncü bank internet xidmətlər ilə əlaqəli kiberinsidentin, xüsusən də fişinq və istifadəçilərin məlumatlarından fırıldaqçılıq məqsədilə istifadə edilməsinin qurbanı olub.
Banker.az xəbər verir ki, bu haqda məlumatı Kaspersky Lab elan edib.
Şirkətin həyata keçirdiyi araşdırmanın nəticələrinə görə, bütün dünyada mobil və internet bankçılıqdan istifadə hallarının dayanmadan artmasına baxmayaraq, maliyyə təşkilatlarının 24%-i belə müştərilərin kənar identifikasiyası zamanı çətinlik yaşayır. Sözsüz ki, bütün bu çətinlik və çatışmayan cəhətlər xakerlərin gözündən yayınmır.
Yaxın 3 ildə bankların 59%-nin kibercinayətkarların fəaliyyətinə görə zərərlərinin artması gözlənilir. Bu amili nəzərə alaraq, online xidmətlərin istifadəçilərinin şəxsiyyətinin yoxlanması maliyyə təşkilatları üçün daha böyük əhəmiyyət kəsb etməyə başlayacaq.
İkiqat autentifikasiyaya və digər təhlükəsizlik tədbirlərinə əlavə olaraq, ekspertlər müştərinin şəxsiyyətinin yoxlanması üçün tək sistemə daxil olarkən deyil, bütün sessiya ərzində şübhəli prosesləri izləyən mürəkkəb variantlar tətbiq etməyi məsləhət görür.