11 C
Baku
Monday, November 25, 2024

Biznesin uğuru üçün nəyə ehtiyac var? – Müsahibə

Bəzən yeni açılmış müəssisə rəqabətə davam gətirmir, tezliklə bazardan çəkilmək məcburiyyəti qarşısında qalır.  Bu halda köməyə biznes üzrə bilik, bacarıq və təcrübəyə malik məsləhətçi gəlir. Müsahibimiz «ARK Business Solutions» şirkətinin rəhbəri, hüquqşünas Xəyal Məmmədxanlıdır.

– Xəyal müəllim, hər hansı müəssisədə biznes məsləhətçisinin köməyinə ehtiyac nə vaxt yaranır?

– Biznes məsləhətçisi konkret problem mövcud olduqda, çox sayda mütəxəssis cəlb etmək üçün maliyyə vəsaiti olmadıqda, zaman, bilik və təcrübə çatışmazlığı yarandıqda, yeni layihələrin işə salınması zamanı riskləri, ümumilikdə biznesi qiymətləndirmək və perspektivləri təyin etmək, işi ləngidən zəif bəndi tapmaq, satışı və gəliri artırmaq, konsultasiya almaq,  düzgün reklam vermək, problemləri həll etmək və s. barədə suallara cavab tapmaq üçün üz tutduğunuz ən uğurlu ünvandır.

Strategiya və taktika düzgün qurulubsa, biznesin bazardakı payı artır

– Bəs biznesin uğurlu olması üçün təkcə pul kifayət edirmi?
– Dünyanı bürüyən böhran biznes sektorunu, şirkətləri ağır imtahan qarşısında qoyur. Bu proses iş adamlarını, sahibkarları  strategiyanı dəyişməyə, biznesə yeni gözlə baxmağa və inkişaf üçün yeni stimullar axtarmağa məcbur edir. Strategiya və taktika düzgün qurulubsa, biznesin bazardakı payı artır, biznes prosesləri optimallaşır və yeni biznes tərəfdaşlarının tapılmasına təkan verilir. Əlbəttə, bu çətinlikləri hamı keçə bilmir. Belə vəziyyətlərdə xüsusilə böhran şəraitində daha həssas olan kiçik biznesi ağır itkilər gözləyir.

 

Biznesdə yıxılmadan, büdrəmədən uğur qazanmaq mümkün deyil. Uşaqlıqda yıxılıb əl-ayağımızı yaralayanda böyüklərimiz bizə ürək-dirək verib deyirdilər: «Eybi yoxdur, adam yıxılanda tez böyüyər». Əslində,  bu həyatın və biznesin reallığıdır.

– Doğulmadan ölən biznes ideyaları, start-uplar var…

-Statistika göstərir ki, hər yeni 10 biznes təşəbbüsündən 9-u uğursuzluğa məhkumdur. Başqa sözlə, dünyadakı start-upların yalnız 10%-i inkişaf edib,  ayaqda qala bilir. Çox ağır olsa da, həqiqətdir.

Son dönəmlərdə dünyanın məşhur biznes nəşrləri uğursuzluğa düçar olan iş adamlarına öz  hekayələrini yazaraq kitab halına salmağı sifariş verirlər. Bir çoxları kimi mən də düşünürəm ki, pafoslu «uğur hekayələrindən» daha çox biznesin ağır və keşməkeşli yolundan danışan bu hekayələri oxumaq lazımdır.

Hazırda araşdırma mərkəzləri uğursuz biznesləri ciddi təhlil edərək nəticələrə gəlməyə çalışırlar. Məşhur «FORTUNE» nəşri apardığı sorğu və təhlillərdən sonra «Start-upların uğursuzluğunun 20 səbəbi»ni müəyyən edib. Burada olduqca maraqlı məqamlar var. Məsələn, bazarda məhsula ehtiyacın olmaması, əldəki nağd pulun qurtarması, yanlış komanda, rəqabətə dözümsüzlük, qiymət-xərc məsələləri, zəif məhsul, biznes modelinin olmaması, zəif marketinq, komanda ilə investor arasında dialoq problemi, yanlış idarəetmə, maliyyə-investor marağının olmaması, hüquqi məsələlər və s.

– Bəs uğurlu start-upların əsas xüsusiyyətləri nədir?

– Biznes təşəbbüslərinin uğur qazanması üçün ölkədən-ölkəyə fərqli olan bir çox səbəblər var. Biz  onların ən əsaslarından, xüsusilə normal biznes mühitində ortaya çıxan səbəblərdən danışacağıq.

Birincisi, məhsul bazar üçün ideal olmalıdır. İndi hər 100 biznesdən 42-nin istehsal etdiyi məhsula bazarda ehtiyac olur…

İkincisi, sahibkar heç nəyi qulaq ardına vurmamalıdır. Əsl sahibkar bazarda qarşılaşdığı hər bir təhlükəni və fürsəti dərindən təhlil edir, «əhəmiyyətsizdir» deyib heç nəyin üzərindən keçmir, hər bir amilin biznesə mümkün təsirlərini bilir və bunun üçün əlinin altında alternativ variantları olur.

Üçüncüsü, biznes sürətlə böyüməlidir. Müasir iş mühitində və iqtisadi reallıqda çeviklik və operativlik həyati əhəmiyyətə malikdir. Bəzən qərar qəbul edərkən 1 günlük tərəddüd biznesdə rəqiblərə uduzmağa və bazarı itirməyə səbəb ola bilir. Ləng hərəkət şirkətdə nağd pul çatışmazlığına gətirib çıxaran əsas amillərdəndir.

Nəhayət, komanda özünü toplamağı bacarmalı və şəraitə uyğunlaşmalıdır. Henri Ford V tipli mühərriki icad edərək avtomobillərə tətbiq etmək üçün 8 uğursuz cəhd etmiş, lakin hədəflərindən əl çəkməmişdi…

– Biznes məsləhətçisi xidmətindən istifadə şirkətə nə verir?

– Hər hansı biznes şirkətin qeydiyyatdan keçməsi və ya ofisinin olması ilə uğur qazanmır. Müasir rəqabət şəraitində, xüsusilə də müştəri­ yönümlü bazar iqtisadiyyatı şəraitində yüzlərlə amil fəaliyyətə təsir göstərir. Heç bir iş adamı peşəkar komandası və məsləhətçiləri olmadan  qarşıya çıxan maneələri keçə bilməz. Ona görə də dünyadakı bütün uğurlu iş adamlarının arxasında peşəkar məsləhətçilər və komanda dayanır.

Biznes o dərəcədə mürəkkəb və kompleks bir orqanizmdir ki, onun sağ qalması üçün bütün orqanlar öz funksiyalarını qüsursuz yerinə yetirməlidir. Hər hansı yeni bir biznes təşəbbüsünə başlayan zaman onun üzərində peşəkar marketoloqlar, strateqlər, PR mütəxəssisləri, İT komandası, satış ekspertləri işləməlidirlər. Bunlarsız biznes kompassız gəmiyə bənzəyir. Hara, necə, kiminlə, nə vaxt gedəcəyimizi bilmiriksə, hansı uğurdan söhbət gedə bilər ki?! Gözəl bir ifadə var: «Hansı istiqamətə getdiyinə qərar verə bilməyən gəmiyə heç bir külək kömək edə bilməz».

Son xəbərlər
Digər xəbərlər