1 C
Baku
Saturday, December 14, 2024

Vergi yoxlamalarının dayandırılması müddətinin artırılması gözlənilir

Vergilər Nazirliyinin kollegiya iclasının qərarı ilə kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsi də müvəqqəti olaraq azaldılıb.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, burada kiçik və orta bizneslə məşğul olan sahibkarlar dedikdə, illik dövriyyəsi 200 min manatdan aşağı və sadələşdirilmiş vergiödəyiciləri olan sahibkarlıq subyektləri nəzərdə tutulur. Həmin sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.

Operativ nəzarət tədbirləri zamanı isə əmək müqavilələrinin bağlanmasına, vergiödəyicilərinin dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə xronometraj metodu ilə yoxlamaların keçirilməsi və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət istisna olmaqla, digər yoxlamaların keçirilməsi məhdudlaşdırılıb. Bu məhdudlaşdırmadan sonra vergi yoxlamaları təxminən iki dəfə azalıb.

Nəzərə çatdırılıb ki, kiçik və orta sahibkarlıq subyektlərinin büdcə daxilolmalarında xüsusi çəkisi böyük olmadığı üçün yoxlamaların dayandırılmasının büdcə gəlirlərinə əhəmiyyətli təsiri olmayıb. Ölkəmizdə vergi siyasətinin əsas məqsədi vergiödəyiciləri ilə münasibətlərin partnyorluq səviyyəsində olması, kiçik və orta biznesin inkişafıdır.

Bütün bu müsbət tendensiyalar nəzərə alınaraq, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddətinin yenidən artırılması nəzərdə tutulur.

“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd olunub ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tətbiqindən sonrakı 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində cəmi 96 yoxlama, o cümlədən 2017-ci ilin ilk 6 ayı ərzində 26 yoxlama keçirilib.

Yoxlamaların dayandırılmasından əvvəlki 20 ay ərzində isə vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində keçirilmiş yoxlamaların sayı 100 mindən çox olub.

Qeyd olunub ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının növbəti müddətə artırılması üçün qanunvericilik aktlarının layihələri hazırlanıb və baxılması üçün aidiyyəti qurumlara təqdim edilib. Yaxın vaxtlarda bu məsələ ilə bağlı yeni qərarların qəbul olunacağı gözlənilir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər