Banker.az Reuters agentliyinə istinadən xəbər verir ki, dünyanın ən varlı qadını, LʼOréal şirkətinin həmsahibi Lilian Bettankur dünyasını dəyişib. Fransız biznes ledinin 94 yaşı var idi.
O Forbes jurnalının tərtib etdiyi dünyanın ən varlı insanları reytinqində 14-cü pillənin sahibi idi. Onun sərvəti 44,4 milyard dollar olaraq qiymətləndirilirdi.
Bettankur kosmetoloji nəhəng LʼOréal şirkətinin 33 faizinə sahib idi. Qeyd edək ki, şirkət 1909-cu ildə onun atası, fransalı kimyagər Ejen Şyulle tərəfindən yaradılıb.
Lilian hələ 15 yaşı olduqda şirkətdə şagird qismində işləməyə başlamışdı. 1957-ci ildə isə LʼOréal şirkətini miras olaraq əldə edərək şirkətin əsas səhmdarına çevrilir. Kosmetoloji nəhəng ictimai şirkət olsa da, Bettankur səhm paketinə nəzarəti saxlamışdı. 1974-cü ildə isə şirkətdə sahib olduğu payın demək olar ki, yarısını Nestle şirkətinin 3% səhmi ilə dəyişmişdi.