Bakı Fond Birjasında (BFB) “Holcim (Azerbaijan)” ASC-nin səhmlərinin alqı-satqısına dair 2 əqd bağlanılıb.
BFB-yə istinadən, əqdlər müəssisənin hər biri 186 səhmdən ibarət 2 səhm paketinin realizə edilməsini nəzərdə tutur.
Nominal dəyəri 20 manat olan qiymətli kağızlar 27,5 manatdan “əl dəyişdirib”. Bu, 2 ay ərzində “Holcim (Azerbaijan)”ın bazar dəyərini 8%-dən çox itirməsi deməkdir. Belə ki, bu il, iyulun 24-də BFB-də bağlanmış əqdlə bu səhmləri 30 manatdan alınıb-satılıb. Səhmdar cəmiyyətin 31 812 880 manatlıq nizamnamə kapitalının 1 590 644 səhm əsasında formalaşdığını nəzərə alsaq, sement istehsalçısının bazar dəyərinin 47 719 320 manatdan 43 742 710 manata düşdüyünü demək olar.
Xatırladaq ki, “Holcim (Azerbaijan)” 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Şirkətin səhmlərinin 76%-i İsveçrənin “Lafarge Holcim” və “Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 66% və 10%), 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 14%-i isə fiziki şəxslərə məxsusdur.