Bu gün Azərbaycan Banklar Assosiasiyasında (ABA) SWIFT beynəlxalq maliyyə telekommunikasiya cəmiyyətinin Azərbaycan üzrə istifadəçilər qrupunun rəhbərinin və katibinin seçilməsi ilə bağlı tədbir keçirilib.
ABA-dan verilən məlumata görə, bank nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə assosiasiyanın nümayəndəsi gündəlikdə duran məsələ ilə bağlı çıxış edərək SWIFT istifadəçilər qrupunun rəhbəri və katibi vəzifələri üçün namizədləri təqdim edib.
Təkliflər geniş şəkildə müzakirə edilmiş və açıq səsvermə keçirilib.
Son nəticə olaraq SWIFT cəmiyyətinin ölkədə fəaliyyət göstərən banklarla əməkdaşlıq münasibətlərinin effektivliyinin artırılması məqsədilə Azərbaycan üzrə SWIFT istifadəçilər qrupunun rəhbəri vəzifəsinə “Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini, baş informasiya inzibatçısı Nahid Zeynalov. Qrupun katibi vəzifəsinə isə “Kapital Bank”ın Maliyyə institutları şöbəsinin beynəlxalq əlaqələr üzrə meneceri Xəyalə Məmmədova təyin olunub.
Sonda iştirakçılar tərəfindən protokol imzalanaraq səsvermə rəsmiləşdirilib.