Bakının mərkəzi küçələrində hündürmərtəbəli binaların eyvanları (“balkon”lar) sökülür. agentliyin məlumatına görə, söküntü işləri paytaxtın Nəsimi və Xətai rayonu ərazisində həyata keçirilir.
Nəsimi Rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri İsgəndər Səfərov agentliyə açıqlamasında bildirib ki, köhnə və müddətini başa vurmuş, eləcə də qəzalı vəziyyətdə olan eyvanlar sökülərək yeniləri ilə əvəz olunur.
Onun sözlərinə görə, hazırda rayonun Rəşid Behbudov, Səməd Vurğun və Dilarə Əliyeva küçələrinin kəsişməsi, 28 may, Azadlıq prospekti, Nizami küçəsində olan binalarında təmir işləri gedir: “Heç bir binada eyvanların ləğvindən söhbət getmir. Sadəcə yeniləri tikilir. Çünki eyvanların çoxu betonun altında qalmağına baxmayaraq, istismar müddətini başa vurmuşdu. Söküntü işləri Nazirlər Kabinetinin müvafiq göstərişinə əsasən, tikinti şirkətləri tərəfindən icra olunur”.
Xətai Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov da “Report”a deyib ki, son beş ildə rayonun mərkəz küçələrində – Yusif Səfərov, Afiyəddin Cəlilov, Nobel prospektinin giriş hissəsində 20 binanın fasadı əsaslı şəkildə təmir olunub, 470 eyvan yenilənib: “Proses mərhələli şəkildə hələ də davam edir. Çuqundan yeni eyvan qəfəsləri hazırlanır. Qəzalı vəziyyətdə olan eyvanlar tamamilə sökülərək yeniləri ilə əvəz olunur. Təbii ki, bu işlər fasad təmirinin içərisində olur”.
P.İmanov vurğulayıb ki, hazırda Afiyyəddin Cəlilov və Mehdi Mehdizadə küçəsində də təmir işləri davam edir: “Ümumilikdə 40 eyvanın təmiri aparılır”.
Qeyd olunub ki, ilin sonuna kimi işlərin başa çatdırılması nəzərdə tutulur.