Dövlət Sığorta Kommersiya Şirkətinin Tovuz rayon filialının direktorunu qətlə yetirən şəxsə hökm oxunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən prosesdə Tovuz şəhər sakini, 1965-ci il təvəllüdlü, Dövlət Sığorta Kommersiya Şirkətinin Tovuz rayon filialında baş mühasib vəzifəsində işləmiş Vəliyev Vidadi Bəhmən oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılıb. Bu barədə Report-un Qərb bürosunun məlumat verir
Dövlət Sığorta Kommersiya Şirkətinin Tovuz rayon filialında baş mühasib vəzifəsində işləyən Vəliyev Vidadi Bəhmən oğlu filialın direktoru olan Bayramova Raya Nəsrəddin qızı ilə aralarında əvvəllər baş vermiş mübahisələrlə əlaqədar qərəzli münasibətdə olduqları halda o, 20 aprel 2017-ci il tarixdə filialda işləyən işçilərin aylıq sosial ödənişləri barədə hesabatların əvvəllər olduğu kimi tərtib edərək, Dövlət Sığorta Kommersiya şirkətinə göndərilməsini təmin etmək məqsədilə filialın direktoru Raya Bayramovaya zəng edərək, işlədiyi filiala gəlib və tərtib olunmuş hesabatı şirkətin mərkəzi ofisinə göndərəcəyini bildirib. Buna görə də Raya Bayramova saat 15 radələrində Tovuz şəhəri, Sabir küçəsi 49 ünvanında yerləşən filialın inzibati binasında – onun xidməti otağında tərtib olunmuş hesabatı imzaladıqdan sonra o, Raya Bayramovadan işçilərin aylıq sosial ödənişlərinin ödənilib-ödənilməməsini soruşduqda, filialın direktoru həmin müraciətin tabeliyində işləyən işçisi tərəfindən təhqir olunması kimi hesab edib.
Onlar aralarında yaranmış mübahisə zamanı qarşılıqlı olaraq biri-birinə nalayiq ifadələr işlətməklə əlbəyaxa olublar. Bu zaman V.Vəliyev R.Bayramovanı qəsdən öldürmək qərarına gələrək, bu məqsədlə otağın giriş qapısının bağlanmaması üçün istifadə edilən kərpic parçasını götürüb və qadının baş nahiyəsinə qəsdən çoxlu sayda zərbələr endirməklə R. Bayramovanı xüsusi amansızlıqla öldürüb.
Məhkəmənin hökmü ilə Vəliyev Vidadi Bəhmən oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib və ona 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.