Müəllif: ORO Mebel-in Baş Meneceri Anar Bayramov
Əvvəlki yazıların birində biznesdə yayılmış, saxta hesab etdiyim bəzi tezislərə münasibət bildirmişdim. Sonra davamı olaraq 2-ci yazını təqdim etmişdim.. İndi isə aşağıda daha bir neçə “saxta tezislərə” opponentlik edirəm.
1) Bildiyin sahədə biznes aça bilərsən. Bu barədə dostlarla tez-tez mübahisələrimiz olur. Deyirlər ki, məsələn, geyim sektorunda işləmisənsə, öz biznesini də bu sahədə açmalısan ki, uğurlu olsun. Qətiyyən razı deyiləm. Düzdür, hər biznesin özünə xas xüsusiyyətləri var. Amma qısa zamanda bu əskikliyi aradan qaldırmaq olur (əksər hallarda). Biznesin ümumi, ana prinsipləri isə dəyişməz qalır.
2) Menecer işləri yaxşı görür, lider isə yaxşı işlər görür (Manager does things right, but leader does right things). Menecerlə lideri müqayisə etmək kökündən yanlışdır. Bu, alma ilə meyvəni müqayisə etməyə bənzəyir (alma da meyvədir). Liderlik bir menecment funksiyasıdır. Bütün menecerlər pis və ya yaxşı liderdirlər.
3) Yaxşı şirkət ucuz reklam çarxı çəkə bilməz. Bu, bəzi reklam şirkətləri və iş-gücü reklamdan danışmaq olan bəzi marketerlərin yaydığı saxta tezisdir. Mesajın özü vacibdir, mesajin vasitəsi yox.
4) Neçə ildir bu işin içindəyəm. Məndən yaxşı bilməyəcəksən ki… Biznesdə bu tezisdə “sığınacaq tapan” insanlar kifayət qədərdir. Neçə illər ərzində bir işin içində olmaq özlüyündə yaxşı hal olsa da, bu hal peşəkarlığı, həmin sahəni daha yüksək səviyyədə bilməyi şərtləndirmir.