Yel Universitetinin professoru Lori Santosun (Laurie Santos) fikrincə, “Elm sübut edir ki, xoşbəxt olmaq üçün, şüurlu səylərə ehtiyac var”. Lori Santosun kursu “pozitiv psixologiya” prinsiplərinə əsaslanır.
“Xoşbəxt olmaq o qədər də asan deyil, bunun üçün vaxt lazımdır”, – deyə o qeyd edir.
O nə dediyini bilir. Lori Santos universitetdə xüsusi “Psixologiya və xoşbəxt həyat” kursunu aparır. Bu Yel Universitetinin artıq 316 il davam edən tarixində ən məşhur kursdur. Xüsusi kursda 1200 tələbə iştirak edir – universitet üçün bu rekord göstəricidir.
Nəzəriyyədə hər şey asandır, bəs təcrübədə necə? Real həyatda necə xoşbəxt olmaq olar?
Lori Santosun sözlərinə görə, xoşbəxtlik, bir qayda olaraq, göydən düşmür, xoşbəxt olmaq üçün öz üzərində çalışmaq lazımdır.
Onun fikrincə, xoşbəxt olmaq üçün müntəzəm olaraq çalışmaq, idmançılar kimi, musiqiçilər kimi mütəmadi olaraq məşq etmək lazımdır.
Xoşbəxtlik üzrə xüsusi kursda mühazirələr həftədə iki dəfə aparılır.
Bəs siz xoşbəxt olmaq istəyirsinizsə, lakin Yel Universitetinə Santosun mühazirələrinə gələ bilmirsinizsə, nə etmək olar?
Bunun üçün biz xoşbəxt həyata başlamaq istəyənlər üçün Lori Santosdan bir neçə tapşırıq seçmişik:
1. Minnətdar olun
Santosun kursunda iştirak edən tələbələr həftə ərzində hər axşam yaşadıqları gün üçün və ya minnətdar ola biləcəkləri kimsə və ya nəsə haqqında qeydlərini edirlər.
2. Daha çox və daha yaxşı yatın
Yaxşı yuxu depressiya riskini azaldır və əhval-ruhiyyəni qaldırır.
Santos qeyd edir ki, bu sadə tapşırıq əslində ən çətinidir. Tapşırıq həftə ərzində hər axşam səkkiz saat yatmaqdan ibarətdir.
3. Meditasiya edin
Sizin işiniz gün ərzində 10 dəqiqə meditasiya etməkdir. Santosun sözlərinə görə, o tələbə olduğu zaman müntəzəm meditasiya ona özünü daha yaxşı hiss etməyə kömək edirdi.
4. Ailə və dostlarınızla daha çox vaxt keçirin
Son araşdırmalar sübut edir ki, siz vaxtınızı məmnuniyyətlə ailə və dostlarınızla keçirisinizsə, özünüzü daha xoşbəxt hiss edəcəksiniz, – deyə Lori Santos bildirir.
Santos məsləhət edir, “Bu çətin deyil, sadəcə bu zamanı real olaraq yaşayın, vaxtı birlikdə keçirdiyinizi hiss edin”.
“Biz adətən həyat səviyyəsi anlayışını, malik olduğumuz pul ilə əlaqələndiririk. Lakin tədqiqatlar göstərir ki, xoşbəxtlik hissi daha çox malik olduğumuz vaxtdan asılıdır”, – deyə Santos qeyd edir.
5. Sosial şəbəkələrdə çox vaxt keçirməyin, daha çox reallıqda ünsiyyət qurun
Santosun sözlərinə görə, sosial şəbəkələrin bəxş etdiyi yalançı xoşbəxtlik hissinə aldanmaq olmaz.
Smartfonunuzu əlinizdən yerə qoyun! Alimlərin fikrincə, sosial şəbəkələr yalançı xoşbəxtlik hissi bəxş edir, dostlarla real ünsiyyət isə özünüzü daha xoşbəxt hiss etməyə kömək edəcək.
Uzun və xoşbəxt həyat sürmək istəyirsiniz? Xoşbəxt olmağı öyrənin!
Əgər həqiqətən xoşbəxt olmaq istəyirsinizsə, özünüzdə minnətdar olmaq vərdişini yaradın, dost və yaxınlarınızla daha çox vaxt keçirin, şüurunuza, heç olmazsa, bir neçə dəqiqə artıq şeylərdən uzaq olmağa imkan verin, bütün sosial şəbəkələrdən çıxın və doyunca yatın.
Bu tapşırıqlar Yel Universitetinin tələbələrinə özlərini daha xoşbəxt hiss etməyə kömək etdikləri kimi, sizə də kömək edə bilər.