16 C
Baku
Tuesday, April 30, 2024

“Atena” ilə bağlı Prezident İlham Əliyevə müraciət edildi

“Caspian European Club” məşhur “Atena” brendi altında fəaliyyət göstərən şirkətlər qrupu ətrafında yaranmış vəziyyətdən narahatlıq keçirir.

Bu barədə “Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Bununla əlaqədar olaraq biz mövcud vəziyyəti şəxsi nəzarətinə götürməsi xahişi ilə Prezident İlham Əliyevə müraciət etmişik. Bu xahişimizi “Atena”nın Azərbaycanda tanınmış brendlərdən biri olması, “Atena”nın süd məhsullarının isə əhali arasında böyük etibar qazanması ilə əsaslandırmışıq”, – deyə Telman Əliyev qeyd edib.

O, əlavə edib ki, müraciətin daha bir mühüm səbəbi şirkətlər qrupunun əsasını qoymuş Elşad Rəsulovun uzun müddət ərzində “Caspian European Club”un idarə heyətinin üzvlərindən biri və aqrosənaye komitəsinin rəhbəri olması ilə bağlıdır.

Telman Əliyev vurğulayıb ki, Elşad Rəsulov bu sahədə fəal iştirak edib və ölkəmizin aqrosənaye sektorunun inkişafı ilə bağlı bütün təklifləri diqqətlə öyrənib. Həmin təkliflər cənab Prezidentin islahat keçirmək məqsədilə təsdiqlədiyi yol xəritəsində artıq öz əksini tapıb.

“Atena” süd zavodu və fermerlik təsərrüfatı olduqca mühüm sosial əhəmiyyət daşıyır və Ağcabədi rayonunun inkişafında vacib rol oynayır. Məhz buna görə biz 25 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərən şirkətə kömək etmək xahişi ilə cənab Prezident İlham Əliyevə müraciət etmişik”, – deyə Telman Əliyev deyib.

“Biz həmçinin KİV nümayəndələrinə müraciət edərək onlardan bu məsələni siyasiləşdirməmələrini və Atena şirkətinin fəaliyyəti ilə bağlı təsdiqlənməmiş məlumat dərc etməmələrini xahiş etmək istəyirik”, – deyə o, əlavə edib.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi, “Caspian Energy İnternational Media Group”un fəal iştirakı ilə yaradılıb. 2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” yaradılıb. Hər iki təşkilat iki il ərzində “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq.” Caspian European Club”un tərkibinə daxil olan bütün şirkətlər avtomatik qaydada “Caspian American Club” və “Caspian Asian Club”un, “Caspian American Club” və “Caspian Asian Club”a daxil olanlar isə “Caspian European Club”un üzvü hesab olunurlar.

“Caspian European Club”un sədri Prezident İlham Əliyevdir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər