“Mol Bulak BOKT” MMC-nin faiz gəlirlərindəki azalma davam edir.
Banker.az xəbər verir ki, bu barədə BOKT-nin 2017-ci ilin illik audit hesabatında deyilir.
“Mol Bulak”ın faiz gəlirləri ilin 4 rübü ərzində cəmi 4,47 mln. manat təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 14% və 2015-ci ilin yekunları ilə müqayisədə isə 48% daha az olması deməkdir.
Lakin, gəlirlərin azalması fonunda BOKT ümümi xərclərini optimallaşdırmağı bacarıb. Təkcə bir faktı deyək ki, 2016-cı illə müqayisədə işçilərin əmək haqları xərcini 2,16 mln. manatdan 1,76 mln manata qədər azaldıb. Faiz xərclərində isə az qala iki dəfə azalma olub. Məhz bunun nəticəsidir ki, gəlirlərin azlmasına baxmayaraq “Mol Bulak” 2017-ci ilin 4 rübünü 528 min manat xalis mənfəətlə bitirib. Bununla da kapitalında yığılmış zərərlərin həcmini azaldaraq 658 min manata salıb.
Aktivləri kiçilib
Aktivlərindəki azalma tempi bu BOKT-da da davam edir. Belə ki, 2016-cı illə müqayisədə 2017-ci il ərzində cəmi aktivləri 35% kiçilərək 11,59 mln. manata düşüb. Heç şübhəsiz azalmaya səbəb əsas fəaliyyət göstəricisi olan müştərilərə verdiyi kredit portfelinin həcmindəki azalmadır. Hazırda kredit portfeli 9 mln. manat civarındadır.
Kredit Təşkilatının öhdəlikləri il ərzində 7 dəfə azalaraq 1,82 mln. manata düşüb.
Cəmi kapital cüzi artaraq 9,76 mln. manat təşkil edib ki, artımında əsas səbəbi yuxarıda qeyd edilən mənfəətin olmasıdır.
Xatırladaq ki, qurumun nizamnamə kapitalı 10,41 mln. manatdır ki, bunun da 100% pay sahibi Qırğız şirkəti olan “Gascoyne Investment” LTD-dir.