9 C
Baku
Friday, December 13, 2024

Vətəndaşın gözlədiyi təkliflər verildi, bəs kredit faizləri aşağı salınacaqmı?

Bank faizlərinin yüksək olması Azərbaycan cəmiyyətini hər zaman narahat edən və ciddi fəsadlara səbəb olan problemlərdən biridir. Ötən günlərdə bu məsələ ilə bağlı Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov da açıqlama vermişdi.

O bildirmişdi ki, bankların verdiyi kreditlərin yüksək olması makroiqtisadi səbəblərdən qaynaqlanmır: “Kreditlər üzrə faiz dərəcələrinin yüksək olmasının səbəblərini digər şərtlərdə axtarmaq lazımdır”.

Mənbə məsələ ilə bağlı iqtisadçı-ekspertlərin fikirlərini öyrənib. Natiq Cəfərli deyib ki, Elman Rüstəmov kreditlərin yüksək faizlə verilməsində Mərkəzi Bankın özünün də atdığı addımların önəmli rol oynadığını qeyd etməyib: “Çünki təcrübə göstərir ki, istənilən ölkənin Mərkəzi Bankının uçot dərəcəsi faizlərin formalaşmasında önəmli rol oynayır”.

“Amma Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsi ilə faizlər arasındakı koordinasiya demək olar ki, itib. Hətta Mərkəzi Bank 3 il bundan öncə çox aşağı faiz dərəcəsi elan edəndə, yəni uçot dərəcəsi cəmi 3 faiz olanda belə, banklarda faiz dərəcələri çox yüksək olub” — ekspert bildirib.

Onun sözlərinə görə, risk menecmenti kreditləri indiyədək geri qaytarılmayan kreditlərin həcminin kifayət qədər artdığına görə bahalaşdırıb: “Banklar öz gücləri hesabına problemli kredit məsələsini həll edə bilmirlər. Banklar məcbur olurlar ki, kredit faizlərini daha da yüksəldərək müştərilərdən qazanılan əlavə vəsait hesabına problemli kreditlərdə itirdiklərini bərpa etsinlər. Və yaxud da müəyyən bir hissəsini geri qaytarsınlar”.

İqtisadçının fikrincə, risk menecmenti təkcə bankların üzərinə qoyulası məsələ deyil: “Dünyanın hər yerində təkcə depozitlərin yox, kreditlərin də sığortalanması məsələsi var. Azərbaycanda bu, demək olar ki, işləməyən mexanizmdir. Verilən kreditlərin heç bir sığortası olmur. Vətəndaş kreditlərin geri qaytarılmasında yaranan çətinliklərdən sığortalanmır. Banklar da bu sığorta hesabına geri qaytarılmayan kreditləri yenidən bərpa etmək imkanından məhrumdur. Ona görə də kreditlərin faiz dərəcəsi kifayət qədər yüksəkdir”.

Ekspertin qənaətincə, digər bir məsələ isə birbaşa Mərkəzi Bankdan asılıdır: “Xarici bankların birbaşa Azərbaycana çıxışı kifayət qədər məhduddur. Bu da böyük problemdir və kreditlərin bahalaşmasına səbəb olur. Məsələn, Azərbaycanda Avropa və ABŞ banklarının birbaşa fəaliyyət göstərməsi mümkün deyil. Bu, Mərkəzi Bankın apardığı siyasətlə əlaqədardır”.

Cəfərli vurğulayıb ki, Mərkəzi Bank xarici bankların birbaşa Azərbaycan bazarına girməsinə şərait yaratmağa çalışmalıdır: “Bu zaman onların kredit faizlərini daha aşağı çəkəcəyini görəcəyik. Yerli banklar da məcburən kredit faizlərinin aşağı çəkilməsində maraqlı olacaq ki, rəqabətə davam gətirə bilsinlər. Yəni, burada Mərkəzi Bankın görəcəyi çox işlər var”.

“Çox təəssüf ki, Mərkəzi Bank üzərinə düşən məsuliyyəti üzərindən atmaq və bütün yükü, məsuliyyəti bankların üzərinə yönləndirmək istəyir. Məncə, bu da doğru yanaşma deyil” — deyə ekspert bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Mənsur Bərxudarov isə Sputnik Azərbaycan-a açıqlamasında əvvəlcə Elman Rüstəmovun hazırda banklarda 6,5 milyard manatdan çox vəsait olması ilə bağlı fikrinə münasibət bildirib: “Bu vəsaitlərin də əksəriyyəti, 70 faizdən çoxu sağlam banklarda yerləşib. Sual qoyulur ki, bəs, niyə bu, iqtisadiyyatın kreditləşməsinə yönəlmir?”

M.Bərxudarovun fikrincə, risklər yenə də mövcuddur: “Yəni bankların verdiyi kreditin qaytarılması riski yenə də var. Ümumiyyətlə, Azərbaycanda ortalama biznes rentabelliyi 5-7 faiz arasındadır. Belə rentabellik olan yerdə bugünkü bank faizləri ilə kredit verilmə, əvvəlcədən də aydındır ki, müəyyən risklər ilə qarşılaşacaq. Bu nöqteyi-nəzərdən Azərbaycanda kredit siyasətinin nə qədər yumşaldılmasına baxmayaraq, yenə də bu istiqamətdə risklər yüksək olaraq qalır”.

Onun sözlərinə görə, güzəştli kreditlərin verilməsinə böyük ehtiyac duyulur: “Əksər kreditlər biznes kreditlərinə yönəldilməlidir. İstehlak kreditləri ilə biznes kreditləri arasındakı balans biznes kreditləri istiqamətində dəyişməlidir. Və biznes kreditləri də uzunmüddətli aşağı faizlə verilməlidir. Belə olan təqdirdə risklər azalacaq, konkret istiqamətlərdə kreditləşmə baş verəcək, risklər də özü-özlüyündə aşağı düşəcək”.

© Sputnik Azərbaycan

Son xəbərlər
Digər xəbərlər