Mercedes-Benz şirkəti yeni nəsil A-Class sedanını təqdim edib. Yeni sedanın kütləvi nümayişi oktyabr ayında keçiriləcək Paris avtosalonunda baş tutacaqdır. Çində satılan uzunbazalı variantdan fərqli olaraq yeni sedan qlobal model olacaqdır.
Mercedes-Benz A-Class Sedan modelinin qabarit uzunluğu 4549 millimetr, eni – 1796 millimetr, hündürlüyü isə 1446 millimetrdir. Sedanın təkər bazasının uzunluğu 2729 millimetrdir. Beləliklə, yeni sedan CLA-Class modelindən 91 millimetr qısa, 19 millimetr enli və 14 millimetr hündürdür. Təkər bazasına gəldikdə isə üstünlük yeni modeldədir – onun bazası 30 millimetr genişdir. Baqaj həcmi isə 50 litr (420 litr) azdır.
A-Class sedanı öndə McPherson tipli asqıya malikdir. Arxa asqının növü isə mühərrikdən və modifikasiyadan asılıdır. Tam çəkişlə, adaptiv amortizatora və ən güclü mühərriklərə malik olan avtomobillərdə arxa asqı çoxqollu olur. Qalan modellərdə isə onu tir əvəz edir. İlkin olaraq, sedan 163 at qüvvəli benzin (A 200) və 116 at qüvvəli dizel (A 180 d) mühərriki ilə təklif ediləcəkdir. Hər iki aqreqat yeddi pilləli iki muftalı “robot” ilə tandemdə çalışacaqdır.
Sedan standart olaraq rəqəmsal cihazlar paneli ilə təchiz ediləcəkdir. Adi halda bu cihaz 7,0-düymlük, top variantlarda isə 10,25-düymlük olacaqdır. Bu halda MBUX multimedia kompleksinin ekranı da eyni ölçüyə malik olacaqdır.
Modelin təchizatına işıqdiodlarından fənərlər, adaptiv kruiz-kontrol, hərəkət zolaqlarına və kor zonalara nəzarət funksiyası, öndən qəza təhlükəsini xəbərdar edən sistem və baqajın toxunmadan açılması sistemi daxil edilibidir.
Yeni A-Class Sedan Style, Progressive və AMG Line dəstləri də daxil olmaqla bir neçə modifikasiya və opsiyalar dəsti ilə təklif ediləcəkdir.
Ənənəvi olaraq ilk satış ilində model eksteryer və interyerin tərtibatı ilə seçilən Edition 1 xüsusi versiyasında təklif ediləcəkdir.
Yeni Mercedes-Benz A-Class modelini Meksikada və Almaniyada istehsal edəcəkdirlər.