Bu gün ekspert camiəsində əsas müzakirə mövzularından biri Türkiyənin milli valyutasının çökməsidir. İlin əvvəlindən türk lirəsi 40% ucuzlaşıb. Türkiyənin maliyyə bazarındakı hazırkı durum çoxsaylı rəylərə və ziddiyyətlərə səbəb olub.
Türkiyə iqtisadiyyatında real vəziyyət necədir və Ərdoğan ABŞ-ın təzyiqlərinə davam gətirə biləcəkmi?
Bu barədə suallarını “İşgüzar Rusiya” ictimai birliyinin eksperti, rusiyalı iqtisadi təhlilçi Dmitri Qolubovski cavablandırıb.
Onun sözlərinə görə, Türkiyədə baş verənləri bir neçə aspektdən nəzərdən keçirmək olar:
Əvvəla, Türkiyənin vəziyyəti kifayət qədər oynaqdır. Böhran Türkiyəni ölkədə üç kəsirin yarandığı vaxtda haqlayıb: büdcə kəsiri (onun artımı faiz dərəcələrinin yüksəlməsini təhrik edir), ticarət balansının kəsiri (onun artımı lirənin ucuzlaşmasını təhrik edir) və birinci və ikincinin nəticəsi olaraq, tədiyyə balansının kəsiri (ölkədən pulların qaçdığını göstərir).
“Belə vəziyyət bir neçə səbəbdən yaranıb. Son vaxtlar enerji daşıyıcılarının bahalaşması ticarət balansının kəsirinin artmasına gətirsə də, eyni vaxtda dövlət xərcləri, o cümlədən təhlükəsizliyə ayrılan xərclər büdcə kəsirini qoruyub-saxlayırdı.
Ərdoğan – büdcə xərclərinin sekvestrinin prinsipial düşmənidir (büdcə xərclərinin sekvestri – büdcə kəsirinin aradan qaldırılması üçün nəzərdə tutulmuş xərclərin proporsional ixtisarı – red.), çünki ədalətli olaraq, bunun iqtisadi artıma mənfi təsir göstərəcəyini hesab edir.
Türkiyə iqtisadiyyatı çox dinamik olduğu üçün uzun müddət ticarət balansının kəsiri xarici investisiyaların axını ilə “örtülüb” və belə desək, “pul pul gətirər” məntiqi işləyib”, – deyə iqtisadçı qeyd edib.
O izah edir ki, iqtisadi artımı dəstəkləyən büdcə kəsiri müsbət nəzərdən keçirilib. Heç kimə sirr deyil ki, iqtisadi siyasət xaricdən pul axınlarına söykənirsə, o, əcnəbilərin rəyindən asılı vəziyyətə düşür. İlk növbədə ABŞ-ın.
“Son vaxtlar Ərdoğan dövlət siyasətində yalnız milli maraqlardan çıxış edir və milli maraqlara zərər gətirdiyi yerdə ABŞ-ın rəyinə tüpürür.
Bu düzgün olsa da, baha başa gəlir və indiki valyuta böhranı real sübutdur. Amerikalılar güclərini göstərib Türkiyəni cəzalandırmaq qərarına gəldilər. Onlar qismən buna nail ola bildilər.
Onlar öz sanksiyaları və hərəkətləri ilə investisiya mühitinə, kredit reytinqinə zərbə vurdular və kapital axınına səbəb oldular. Bu məqamda büdcə kəsiri risk amili kimi nəzərdən keçirilməyə başladı. Ərdoğan isə nə büdcə xərclərinin sekvestrinə getdi, nə də faiz dərəcələrini artırdı.
O, Türkiyə Mərkəzi Bankına təzyiq göstərdi ki, pul siyasətini kəskin sərtləşdirməsin. O zaman bazarın yeganə mümkün reaksiyası lirənin devalvasiyası idi ki, bu da perspektivdə ticarət balansının kəsirini aradan qaldıracaq.
Bu baxımdan, indi Türkiyə Rusiyaya yaxın olur: Moskvanın ticarət balansı daim profisitlə icra olunur və bu, Rusiyaya valyuta şoklarından tez ayılmağa kömək edir”, – deyə həmsöhbətimiz bildirib.
İkincisi, devalvasiyanın sayəsində ticarət balansı düzəldikcə, Türkiyənin vəziyyəti getdikcə daha dayanıqlı olacaq.
Qolubovski təəssüflə vurğulayıb ki, xarici pullardan asılılıqdan azad olmağın qiyməti belədir. Mənfi effekt qismində qiyməti lirədə ifadə olunmuş yanacaq və xammalın qiymətinin artması ilə bağlı inflyasiyanın artımı olacaq.
“Lakin Rusiyanın 2014/15-ci illər təcrübəsi göstərir ki, devalvasiyadan sonrakı inflyasiya şoku bir il ərzində keçib gedir. Türkiyə iqtisadiyyatı daxildən kifayət qədər güclüdür. Türkiyəyə yanacağın böyük hissəsi Rusiyadan gəlir.
Əgər bu gün tələb olarsa, Rusiya qiymət məsələsi və tədarüklərin kreditləşdirilməsi məsələsində ən böyük istehlakçıya güzəştə gedəcək. Rusiya və Türkiyə arasında münasibətlər o qədər də isti olmasa da, enerji təhlükəsizliyi və tədarük məsələlərində, düşünürəm ki, yaxındırlar. Ona görə bu baxımdan çətinlik olmayacaq”, – deyə o qeyd edib.
Üçüncüsü, qrafiklərə əsasən demək olar ki, panikanın zirvəsi bazar ertəsi, lirə bir dollara görə 7 həddinə düşəndə, türk banklarının avtoistiqrazları isə bazarda az qala yarı qiymətinə təklif olunan gündən sonra geridə qaldı.
“İndi panika bitir və vəziyyət tədricən yeni səviyyədə normallaşacaq”, – deyə ekspert əmindir.
Türkiyə ABŞ-a qarşı davam gətirə bilərmi?
Saytımızın həmsöhbətinin fikrincə, bu, tamamilə mümkün bir şeydir:
“ABŞ güclüdür, lakin onlar bütün dünyanı idarə etmirlər. Təcrübə göstərir ki, onlar hətta İran iqtisadiyyatını sanksiyalarla çökdürə bilmirlər, baxmayaraq ki, orada ciddi problemlər yaradıblar.
Ərdoğan xalqın dəstəklədiyi güclü liderdir. Əgər xalq çətinliklərin təbiətini başa düşsə və onun siyasətini anlasa, o zaman çətin dövrü keçmək üçün dəstəyi olacaq”.
İqtisadçı vurğulayıb ki, Avropa İttifaqı Türkiyədəki böhranda son dərəcə maraqlı deyil.
“Türk banklarının Avropa bankları ilə sıx əlaqələri var və türk banklarının problemləri Aİ-də və avrozonada əksini tapacaq. Avronun dollara qarşı son ucuzlaşması Türkiyədəki vəziyyətlə bağlıdır.
Mən əminəm ki, avropalılar ABŞ-ın təzyiqini dəstəkləməyəcəklər. Ona görə də Türkiyəyə qarşı “sanksiya cəbhəsi” olmayacaq. Düşünürəm ki, ABŞ və Türkiyə arasında münasibətlər tədricən bərpa olunacaq, lakin bu istiqamətdə hansısa müsbət hərəkətlər yalnız payızda Konqresə seçkilərdən sonra başlaya bilər.
Seçkilərdən sonra Trampın özündən “bomba oğlan” obrazı yaratmaq üçün daha az siyasi əsasları olacaq”, – deyə Qolubovski fikrini yekunlaşdırıb.
– Oxu.az