Kəlbəcərdə fəaliyyətini bərpa edən “İstisu” mineral su zavodu işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq prosesinin mühüm sənaye layihələrindən biri kimi, regionun sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayır.
Kəlbəcərin Dəlidağ ərazisində, dəniz səviyyəsindən təxminən 1600 metr yüksəklikdə yerləşən “İstisu” mənbəyindən çıxan suyun temperaturu 60 dərəcədən yüksəkdir. Tərkibinə görə gündəlik istifadə üçün yararlı təbii qazlı mineral su hesab olunan “İstisu” zəngin və balanslaşdırılmış mineral tərkibi ilə seçilir.
Mütəxəssislərin rəyinə əsasən, unikal təbii şəraitdə formalaşan su insan orqanizmi üçün faydalı xüsusiyyətlərə malikdir. Balneologiya sahəsində ixtisaslaşmış xarici təşkilatlar tərəfindən də suyun keyfiyyət göstəriciləri yüksək qiymətləndirilib.
Tarixi mənbələrə görə, “İstisu” mineral suyunun istehsalına ilk dəfə 1976-cı ildə başlanılıb. Ermənistanın 1993-cü ildə Kəlbəcəri işğal etməsindən sonra müəssisənin fəaliyyəti dayandırılmışdı.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsindən sonra bölgədə genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb. 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən “İstisu” mineral su zavodunun təməli qoyulub.
Müəssisədə tikinti-quruculuq işləri 2024-cü ildə başa çatdırılıb. 2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zavodun açılışında iştirak ediblər.
Hazırda zavodun illik istehsal gücü 100 milyon butulkadan artıqdır. Müəssisədə qabaqcıl avtomatlaşdırılmış sudoldurma xətləri və robotlaşdırılmış anbar idarəetmə sistemi quraşdırılıb. Ən son alman texnologiyalarının tətbiqi suyun təbii xüsusiyyətlərinin qorunmasına və yüksəkkeyfiyyətli məhsul istehsalına imkan yaradır.
Zavodda istehsal olunan məhsulların keyfiyyət göstəriciləri dünyanın aparıcı laboratoriyalarında yoxlanılır. Eyni zamanda, istehsal prosesində ətraf mühitin qorunmasına xüsusi diqqət yetirilir, tullantıların minimuma endirilməsi və enerji səmərəliliyinin artırılması məqsədilə müasir texnologiyalar tətbiq olunur. Hazırda müəssisədə 96 nəfər çalışır. Onlardan 54-ü Kəlbəcər sakinidir. Zavod regionda məşğulluğun təmin olunmasına və Böyük Qayıdış Proqramı çərçivəsində doğma torpaqlara qayıdan sakinlərin sosial rifahının yüksəldilməsinə də mühüm töhfə verir.
Zavodun əməkdaşı olan Xaliq İbrahimov bildirib ki, uzun illərdən sonra doğma yurda qayıdaraq burada yaşamaq və işləmək qürurvericidir. “Uzun illər həsrətində olduğumuz torpaqlarda yenidən yaşamaq böyük xoşbəxtlikdir. Dövlətimizin diqqət və qayğısı sayəsində mənzillə təmin olunmuşuq. Hazırda “İstisu” zavodunda mühasib olaraq çalışıram. Doğma rayonumda işləmək və onun inkişafına töhfə vermək mənim üçün qürur mənbəyidir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, hazırda “İstisu” mineral suyu bir sıra xarici ölkələrə ixrac olunur və məhsulun beynəlxalq bazarlardakı ixrac potensialı getdikcə artır.






