8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda real sektoru daha çox maliyyələşdirən banklara vergi güzəştlərinin edilməsi təklif olunur

Kredit portfelində real sektora qoyulan kreditlərin xüsusi çəkisinin üstünlük (təqribən 70%-dən yuxarı) təşkil etdiyi bankların real sektora orta faiz dərəcəsindən aşağı olmaqla verdiyi kreditlər üzrə əldə etdikləri gəlirlərinin müddətli mənfəət vergisindən azad edilməsi təklif olunur.

Banker.az Report-a istinadən xəbər verir ki, belə bir təkliflə Hesablama Palatasının aqrar, ekologiya və yanacaq-enerji sahələrinin auditi sektorunun müdiri Siyavuş Müstafayev iqtisadiyyatın real sektoruna yönəldilən resursların artırılması və nəticəliliyinin yüksəldilməsi ilə bağlı məqaləsində çıxış edib.

Həmçinin kənd təsərrüfatında risklərin yüksək olduğu nəzərə alınaraq bu sahənin kreditləşməsi üçün xüsusi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, o cümlədən kənd təsərrüfatına verilən kreditlərin sığortalanması mexanizminin tətbiqi, iqtisadiyyata kredit qoyuluşları üzrə regional tarazlığın təmin olunmasına və kredit qoyuluşlarında aqrar sektorun payının kifayət qədər artmasına müsbət təsir göstərə biləcəyini nəzərə alaraq kənd təsərrüfatına xidmət edən ixtisaslaşmış bankın yaradılması və bankın vəsaitləri hesabına kreditləşmə müqabilində girov predmetinin daha geniş dairəsinin kredit öhdəliklərinin təminatı kimi çıxış etməsi, habelə əhalinin aztəminatlı qruplarına kreditlərin verilməsi zamanı öhdəliyin təminatı kimi zaminlik üsuluna yer verilməsi imkanlarının yaradılması təklif olunur.

Bundan başqa, bankların real sektorun müxtəlif sahələrində kredit əməliyyatlarını genişləndirmək məqsədilə kredit istifadəçilərinin maliyyə göstəricilərinin şəffaflığının artırılması, kredit təşkilatları tərəfindən konsaltinq xidmətlərinin göstərilməsi, o cümlədən müştərilərin investisiya təşəbbüsləri üzrə inkişaf strategiyalarının müəyyən edilməsi və həyata keçirilməsində yardım göstərilməsi, müştərilər üçün biznes-planların hazırlanması və s. tövsiyə olunur.

Mənbə: Report

Son xəbərlər
Digər xəbərlər