Azərbaycan Prezidenti İlham Əliyev Mədət Quliyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Banker.az-a Prezidentin rəsmi səhifəsindən daxill olan məlumatd deyilir.
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Qəzənfər oğlu Quliyevə general-polkovnik ali hərbi rütbəsi verilsin.” – deyə sərəncamda deyilir.
Haqqında
Mədət Quliyev 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur — atası Qəzənfər Quliyev mühəndis, anası Zambaq Quliyeva isə dil-ədəbiyyat müəlliməsidir. 1965-ci ildə Gəncədə yerləşən 1 saylı orta məktəbə daxil olub, 1975-ci ildə 8 saylı orta məktəbi bitirib. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.
1992-1994-cü illərdə Terrorizim və Banditizmlə mübarizə şöbəsinin rəisi işləyib. O, 1993-cü il dekabrın 10-da cinayətkar qrupun zərərsizləşdirilməsi zamanı ağır güllə yarası alsa da, mövqeyindən geri çəkilməyərək cinayətkarların məhv edilməsinə nail olur.
1994-1995-ci illərdə DİN-İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Reketlə mübarizə şöbəsinin rəisi vəzifəsinə yüksəlib. Mədət Quliyevin rəhbərliyi altında keçirilən uğurlu əməliyyatlar nəticəsində respublikada fəaliyyət göstərən bir sıra reket qrupları və axtarışda olan qatı cinayətkar dəstələri zərərsizləşdirilib. 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirmişdir. 1996-2001-ci illərdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi, 2011-2015-ci illərdə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, 2015-ci ilin oktyabr-dekabr aylarında isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin birinci müavini vəzifələrində çalışmışdır.
Prezidentin 30 iyun 2005-ci il tarixli 866 nömrəli Sərəncamı ilə ona polis general-mayoru rütbəsi, 20 noyabr 2012-ci il tarixli Sərəncamı ilə ədliyyə general-leytenantı ali xüsusi rütbəsi, 21 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikasının Konstitutsiya dövlət quruluşunun müdafiəsində cinayətkarlıqla amansız mübarizədə, dövlətlərarası axtarışda olan residivist cinayətkarların saxlanılmasında və zərərsizləşdirilməsində şəxsən iştirakına, transmilli cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisi təyin edilib.
Ailəlidir. İki övladı var.