Udmurtiya Azərbaycan biznesinin maraqlarını Rusiyada “Udmurtiyada istehsal olunub” Ticarət Evi vasitəsi ilə təmsil etməyə hazırdır.
Bu barədə Udmurtiya Respublikasının hökumət sədrinin birinci müavini Aleksandr Svinin bildirib.
“Udmurtiyada istehsal olunub” Dövlət Ticarət Evi yarım il bundan əvvəl açılıb. Svinin sözlərinə görə, bu dövr ərzində Ticarət Evi yerli sahibkarlarla işləyib və onlara böyük vəsaitlər cəlb etməyə köməklik edib: “Biz Azərbaycan biznesinə Ticarət Evimiz vasitəsi ilə yardım təklif etməyə hazırıq. Bu eksklüziv təklifdir və biz onu bir neçə ölkəyə etmək istəyirik, Azərbaycan təklif etdiyimiz ilk ölkədir”.
Sədr müavini həmçinin bildirib ki, Ticarət Evi Azərbaycan sahibkarlarına marketinq araşdırmaları, bu və ya digər məhsula olan tələbatın öyrənilməsi ilə əlaqədar yardım edə bilər.
Bundan başqa, Svinin Ticarət Evinin nümayəndəliyinin Azərbaycan və digər ölkələrdə açılmasını da istisna etməyib: “Bu haqda düşünmək hələlik tezdir, ancaq xarici ölkələrdə nümayəndəliklərin açılması bizim növbəti addımımız ola bilər. Bu gün əsas məqsədimiz ölkə daxilində mövcud mexanizm üzərində işləməkdir”.
Rusiyanın Volqaboyu Gömrük İdarəsinin məlumatına əsasən, Udmurtiya və Azərbaycan arasında 2018-ci ilin yanvar-iyul dövrü ərzində əmtəə dövriyyəsi 4,17 milyon dollar təşkil edib, bundan 1,2 milyon dollar Azərbaycan məhsullarının ixracı payına düşür. İl ərzində əmtəə dövriyyəsi 3,2 dəfə artıb.