2018-ci ildə Azərbaycanda qeyri-neft sektoru üzrə artım 2,1%, 2019-cu ildə 2,8% təşkil edəcək.
Banker.az-ın “Report”a istinadla verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (İMF) “Qafqaz və Mərkəzi Asiya üzrə regional iqtisadi proqnoz” adlı hesabatında öz əksini tapıb.
İMF-nin hesablamalarına görə, 2019-cu ildə Azərbaycanda gündəlik neft hasilatı 0,78 mln. barrel təşkil edəcək. Cari ildə gündəlik qaz hasilatının 0,41 mln. barrel, gələn il isə 0,54 mln. barrel olacağı proqnozlaşdırılır. Sənəddə qeyd olunub ki, gələn il Azərbaycanda neft sektorunda artım 5% olacaq.
İMF-də hesab edirlər ki, neftin qiymətlərinin yüksək olması və dövlət investisiyalarının genişlənməsi Azərbaycanda iqtisadi artım tempinə müsbət təsir edir.
Proqnozlara görə, bu il ölkəmizdə orta illik inflyasiya 3,5% olacaq, gələn il isə bu göstərici 3,3%-ə enəcək.
Qeyd edək ki, Azərbaycan hökuməti 2019-cu ildə ölkədə ÜDM-in real artımı 3,6% olmaqla, 81,9 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,9% olmaqla 50,5 mlrd. manat təşkil edəcəyini proqnozlaşdırır.