Banker.az Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun 2019-cu ilin dövlət büdcəsi ilə bağlı axar.az-a müsahibəsini təqdim edir:
– Vahid müəllim, gələn ilin dövlət büdcəsini necə qiymətləndirirsiniz?
– Vergi, gömrük və sosial müdafiə sahəsində gedən islahatlar 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulub. Ona görə də bu ilin dövlət büdcəsini islahatlar büdcəsi də adlandırmaq olar. Bu islahatlar 2019-cu ildə həyata keçirilərsə, sahibkarlar onlar üçün nəzərdə tutulan müəyyən güzəştlərdən yararlana biləcəklər. ÜDM nəticəsində 2019-cu ilin dövlət büdcəsi ötən ilin büdcəsindən təxminən 3 milyard manatdan artıqdır. Digər tərəfdən, gələn ilin büdcəsində sosial layihələrə daha çox üstünlük verilib. Bununla yanaşı, verdiyimiz təkliflər büdcədə mütləq nəzərə alınmalıdır.
– Daxilolmalar daha çox hansı istiqamətə xərcələnəcək?
– Büdcənin təxminən 33 faizi sosial layihələrə yönəldilib. Bu ilin büdcəsində səhiyyəyə böyük diqqət yetirilir. Çünki 2020-ci ildə Azərbaycanda icbari tibbi sığortanın tam həyata keçirilməsi planlaşdırılır. 5 rayonda artıq bununla əlaqədar pilot layihələr həyata keçirilir. İcbari tibbi sığorta Azərbaycan əhalisi üçün ən əhəmiyyətli məsələdir. Çünki insanların müalicəsi ilə bağlı müəyyən problemlər var. İkincisi, büdcədə əsas vəsait qoyuluşu 7 milyard manat təşkil edir. Bu da gələcəkdə büdcənin inkişafı üçün müəyyən layihələrin reallaşmasına yardım edəcək. Bu fonda Hesablama Palatası və Maliyyə Nazirliyinin prosesə nəzarət mexanizmi çox güclü olmalıdır. Prezidentin qeyd etdiyi kimi, kölgə iqtisadiyyatı, korrupsiya, bürokratiyaya qarşı mübarizə gücləndirilməli, şəffaflıq təmin olunmalıdır. Dövlət başçısının ilin 9 ayının yekunlarında bunları ön plana çıxarması o deməkdir ki, sözügedən məsələlər 2019-cu ilin dövlət büdcəsinin icrasında diqqət mərkəzində olacaq.
– Gələn ilin büdcəsində əmək haqları və pensiyalarda artımlar nəzərdə tutulubmu?
– Əmək haqları ilə əlaqədar vergilər naziri çox ciddi təklif verib. Belə ki, qeyri-neft sektorunda 8 min manata qədər əmək haqqı alanlardan gəlir vergisi tutulmayacaq. Digər sahələrdə çalışanlardan 73 manat gəlir vergisi tutulurdusa, indi bu məbləğ 200 manata qədər qaldırılıb. Vergilər Nazirliyi ciddi islahatlar həyata keçirir. Bu məsələlər öz həllini taparsa, 2019-cu ildə əmək haqları və maaşlar, həmçinin pensiya ilə bağlı artımlar mümkündür.
– Büdcədə neftin qiyməti 60 dollardan götürülüb. Ancaq neftin dünya bazar qiymətində enmə və qalxmalar müşahidə edilir…
– Hazırda İran ətrafında, Yaxın Şərqdə və Rusiya ilə əlaqədar müəyyən siyasi proseslər gedir. İranın 8 dövlətə neft ixracına icazə verilməsə, əlbəttə ki, neftin qiymətində müəyyən dəyişikliklər olacaq. Ancaq neftin qiymətinin 60 dollardan aşağı olacağını düşünmürəm. Müəyyən ucuzlaşmadan sonra hazırda qiymətlərdə bahalaşma müşahidə edilməkdədir.
– Vahid müəllim, indiyə qədər büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi 3 iclasla yekunlaşırdı. Ancaq gələn ilin dövlət büdcəsinin Milli Məclisin 5 plenar iclasında müzakirəsi nəzərdə tutulub. Bu nə ilə əlaqədardır?
– Təkliflər həddindən artıq çoxdur, buna görə də müəyyən dəyişikliklər edilməlidir. Digər tərəfdən millət vəkilləri iclaslarda öz fikirlərini sona qədər tamamlaya bilmirlər. Daha geniş müzakirə obyekti üçün də büdcə müzakirəsi ilə bağlı iclasların sayı artırılıb.