Bakı şəhəri Nərimanov rayonunda Atatürk prospektindəki eyniadlı parkdakı kafe, restoran və digər ictimai-iaşə obyektlərinin sökülməsinə başlanılıb.
Banker.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Aparatının Nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov BakuPost-a açıqlamasında bildirib ki, parkda yenidənqurma işləri aparılır.
Z. İsmayılov nəzərə çatdırıb ki, parkdakı obyektlərin əksəriyyətinə müvəqqəti icazə əsasında tikilib: “Həmin obyektlərin sahiblərinin 80 faizinə parkda fəaliyyət göstərmsəklə bağlı müvəqqəti icazə verilib. Həmin obyektlər parkdan götürüləcək. Çünki onlardan uzun müddət müvəqqəti istifadə ediblər, bu gün isə yenidənqurma işləri çərçivəsində həmin obyektlərin sökülməsi lazımdır və onlar sökülür. Burada heç bir problem yoxdur, hər hansı kompensasiyadan söhbət gedə bilməz. Çıxarışı olan obyektlərə gəlincə, bu obyektlərlə bağlı məsələyə də qanunvericiliyin tələbinə uyğun olaraq baxılacaq. Bunun kompensasiya, yaxud hər hansı formada olması hələlik qərarlaşdırılmayıb”.
Z. İsmayılov əlavə edib ki, söküləcək obyektlərin yerində yenilərinin tikilməsi nəzərdə tutulmayıb: “Parkda yenidənqurma işləri çərçivəsində kafe, restoran və digər ictimai-iaşə obyektlərinin tikintisi nəzərdə tutulmayıb”.
Nərimanov rayon İcra Hakimiyyətindən BakuPost-a bildirilib ki, şəxsən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tapşırığı ilə Atatürk parkında yenidənqurma işləri aparılır. O da qeyd edilib ki, parkdakı bir çox obyektlər 20 il ərzində “gecəqondu” kimi fəaliyyət göstərib. Bu obyektlərə kompensasiya ödənilməsi nəzərdə tutulmayıb.