Milli Məclisin payız sessiyasının sonuncu iclasında Ələt azad iqtisadi zonasının yaranması ilə əlaqədar 17 qanuna dəyişiklik edilməsi məsələsinə baxılıb.
Banker.az-ın məlumatına görə, konkret olaraq Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Elektron ticarət haqqında”, “Antiinhisar fəaliyyəti haqqında” və digər qanunlarda dəyişiklik edilməsi təklif olunur.
Məqsəd 2018-ci ilin 18 may tarixində qəbul olunmuş “Ələt azad iqtisadi zonası haqqında” qanunun tətbiqi üçün hüquqi zəmini təkmilləşdirməkdir.
Belə ki, Ələt azad iqtisadi zonası xüsusi qaydada fəaliyyət göstərəcək və bir sıra fərqli cəhətlərə malik olacaq ərazi olduğundan orada tətbiq ediləcək qaydalar da ölkənin digər yerlərindəki qaydalardan fərqlənəcək.
Bu ərazidə qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğun gələn qaydalara üstünlük veriləcək.
Azad zonada maliyyə, gömrük işi, əmək münasibətləri, miqrasiya, vergi tənzimlənməsi, valyuta əməliyyatları aparmaq azadlığı, müflisləşmə və iflas, notariat fəaliyyəti, əqli mülkiyyət kimi bir sıra sahələrə, o cümlədən, torpağa və sığortanın stimullaşdırılmasına dair münasibətləri tənzimləyən məcburi xarakterli daxili qaydalar qəbul ediləcək.
Eyni zamanda, torpaq münasibətlərinin tənzimlənməsi məqsədilə qəbul olunacaq qaydalarda azad zonanın torpağı ilə bağlı prosedurlar, bu torpağa dair sərəncam, o cümlədən, istifadə, icarə, təminat və digər hüquqların yaradılması və onlara xitam verilməsi qaydaları və tələbləri, azad zona torpağına dair hüquqların yaradılmasını və onlara xitam verilməsini təsdiq edən reyestrinin aparılması və digər məsələlər göstəriləcək.
Həmçinin, azad zona torpağına dair bütün hüquqlar bu reyestrdə qeydiyyata alınacaq.
Bütün bunların hüquqi tənzimlənməsi üçün torpaq icarəsi, torpaqların dövlət ehtiyacları üçün alınması və kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında qanunlara, həmçinin, Torpaq Məcəlləsinə müvafiq əlavələr təklif olunur.
Qanun layihələri müzakirələr açılmadan səsə qoyularaq, qəbul edilib.
Oxu.az