2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda maliyyə təşkilatları və müştərilər üçün yeni elektron platforma yaradılır

“Hazırda həyata keçirdiyimiz əsas layihələrdən biri “Asan Finans” layihəsidir. Bu layihə bank, bank olmayan kredit təşkilatları və sığorta şirkətlərinin kağız daşıyıcılardan istifadəsinin minimuma endirilməsidir”.

Bunu bu gün Elektron Hökumətin İnkişaf Mərkəzinin Strateji inkişaf və kommunikasiya departamentinin rəhbəri Soltan Bayramov “Maliyyə və Texnologiyalar Samiti”ndə (“Fintex Summit”) “Elektron hökumətin “fintex”də rolu” mövzusunda çıxışında bildirib.

S. Bayramov deyib ki, bankda müştərilərdən şəxsiyyəti təsdiqləyən sənədin sürəti çıxarılır, surət qovluqda arxivdə saxlanılır: “Bütün bunlar xərc və zaman tələb edir. Elektron Hökumət İnformasiya Sisteminin yaratdığı imkanlardan yararlanmaq üçün “Asan Finans” layihəsi ortaya çıxdı. Məqsəd Elektron Hökumət İnformasiya Sisteminə çıxış yaratmaqla maliyyə təşkilatlarının müştərilərinə xidmət zamanı vaxta, resurslara və xərclərə qənaət etməsinə nail olmaqdır. Məsələn, bizim maliyyə təşkilatlarına verdiyimiz pəncərələr vasitəsi ilə fərdi identifikasiya (FIN) nömrəsi ilə vətəndaşın şəxsiyyəti, iş yeri, məvacibi, dövlət qarşısındakı vəzifələri barədə məlumat əldə oluna bilər. Bizim hesablamamıza görə, bu, xərclərə 4,3 dəfə, zamana 6 dəfə qənaət etmək imkanı yaranır”.

Elektron Hökumətin İnkişaf Mərkəzinin departament rəhbəri qeyd edib ki, bu halda vətəndaş identifikasiya nömrəsi üzərindən müəyyən məlumatların əldə edilməməsini istəyə bilər: “Yaxın günlərdə bu layihə ilə bağlı bağlı geniş məlumat veriləcək. Başqa sözlə, elektron hökumət portalında şəxsi kabinetdə şəxsə bütün məlumatlar, hərbi, səhiyyə və digər məlumatlar cəmləşəcək. Yalnız vətəndaş icazə verdikdən sonra “Asan Finans” layihəsindən istifadə etmək istəyən hər hansı maliyyə təşkilatı o şəxsi kabinetdəki məlumatla tanış ola biləcək”.

©Ona

Son xəbərlər
Digər xəbərlər