Vergi Məcəlləsinin 221.4.9 maddəsinə əsasən vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri üçün «Xüsusi fərqlənmə nişanı» alınmalıdır.
“Xüsusi fərqlənmə nişanı” mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergi ödəyiciləri müraciətindən sonra beş iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Xüsusi fərqlənmə nişanı”nın alınması üçün hər hansı haqq ödənilmir.
“Xüsusi fərqlənmə nişanı” almış vergi ödəyiciləri avtomobil nəqliyyatı vasitələrini satarkən və ya icarəyə verərkən, habelə bu maddədə nəzərdə tutulmayan digər məqsədlər üçün istifadə edərkən ən azı bir iş günü əvvəl “Xüsusi fərqlənmə nişanı”nı onu vermiş orqana geri qaytarmalıdır.
“Xüsusi fərqlənmə nişanı”nın formaları nəqliyyat siyasətini həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ) tərəfindən müəyyən edilir və Vergi Məcəlləsinin 221.4.8 maddəsinə əsasən aşağıdakı məlumatları özündə əks etdirir:
- vergi ödəyicisi olan hüquqi şəxsin tam adı və ya fiziki şəxsin adı, atasının adı, soyadı;
- vergi ödəyicisinin VÖEN-i;
- nişanın qüvvədə olma müddəti;
- avtonəqliyyat vasitəsinin markası və dövlət qeydiyyatı nişanı;
- avtomobil nəqliyyatı vasitələrində oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti;
- daşımanın həyata keçirildiyi ərazi;
- ödənilmiş verginin məbləği.
Ətraflı: http://www.taxes.gov.az/modul.php?name=qanun&news=519
Rauf Qarayev
İqtisadçı – ekspert