7 C
Baku
Sunday, December 15, 2024

6 ayda qeyri-dövlət sektorunda əmək müqaviləsi bağlayanların sayı artıb – RƏQƏMLƏR

Bu ilin I yarısında Azərbaycanda 101 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb ki, bunun da 77 mindən çoxu qeyri-dövlət sektorunun payına düşüb. 

Bu barədə Vergilər Nazirliyinin açıqlamasında bildirilir. 

Qurum rəsmi iş yerlərinin sayının artmasını bu ildən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əməkhaqqının 8 min manatadək olan hissəsinin 7 il müddətinə gəlir vergisindən azad edilməsi ilə izah edib. 

“6 ay ərzində qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı ticarət sektorunda 20,2 min (ümumi artımın 26,3%-i), xidmət sektorunda 14,6 min (ümumi artımın 18,9%-i), sənayedə 14,4 min (ümumi artımın 18,7%-i), tikintidə isə 8,9 min (ümumi artımın 11,6%-ii) artıb. Beləliklə, əmək müqavilələrinin sayının artması daha çox əmək müqavilələrinin bağlanmaması hallarının geniş yayıldığı iqtisadi fəaliyyət sahələrində müşahidə olunub”, – deyə nazirlik bəyan edib. 

Qurumdan o da ildirilib ki, eyni zamanda, işçi sayının şəffaflaşması prosesləri özünü cari ilin əvvəlindən qeyri-dövlət təşkilatlarında çalışan muzdlu işçilərin əməkhaqqı kartlarının sahiblərinin say etibarilə 18%-dən çox artmasına da təsir göstərib: “Bu ilin I yarısında qeyri-neft sektorunun özəl bölməsində əmək haqqı fondunun məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 22,8%, o cümlədən cari ildə minimum əmək haqqının artırılmasının təsirləri çıxılmaqla, 21,4% artıb. Belə bir şəraitdə cəmi əməkhaqqı fondunun əhalinin pul gəlirlərinə nisbəti 2,5% yüksəlib. Bu dinamika sosial sığorta və işsizlikdən sığorta haqlarının yüksək templə artmasını şərtləndirib, artımlar nəticəsində son illərdə ilk dəfə olaraq dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna transfertlərin məbləğ azaldılıb.

Əmək bazarında şəffaflaşdırma proseslərinə başlanılması nəticəsində işçi sayının və əməkhaqqı fondunun yüksək artım dinamikasının müşahidə olunması şəraitində sosial sığorta haqları üzrə daxilolmalar 16,3% artaraq 1,273 milyard manat təşkil edib, proqnoz 112,5% icra olunub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,1% artıb, proqnoz 116,3% icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 46,6% artaraq 48 milyon manat təşkil edib, proqnoz 115,6% icra olunub. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 60,3% artıb, proqnoz 121,2% icra edilib.

DSMF-yə sosial sığorta və işsizlikdən sığorta haqları üzrə cari il üçün yığım proqnozu ümumilikdə 365 milyon manat artırılıb. Özəl bölmənin qeyri-neft sektorunda çalışan muzdlu işçilərin gəlir vergisi üzrə güzəştlərin tətbiqi nəticəsində ilin sonuna gözlənilən 300 milyon manat vergi itkilərinin sosial və işsizlikdən sığorta haqlarının artımı hesabına tam olaraq kompensasiya ediləcəyi gözlənilir”.

Son xəbərlər
Digər xəbərlər