Müəllif: Qüdrət İsabəyli
Əvvəllər yazılarımı bir az uzun və çox yazırdım. Artıq yazılarımı qısa yazacam, bunun da müəyyən səbəbləri vardır.
İqtisadi böhran bir ölkədə siyasi və ya iqtisadi səbəblərdən meydana gələn və ölkənin ümumi iqtisadi quruluşunu sarsıdan proseslərdir. İqtisadiyyatda böhran adətən rifah dönəminin arxasınca gəlir. İqtisadi böhranın başlıca göstəriciləri kimi iqtisadiyyatda yüksəliş hərəkətlərinin yerini qəfildən enmə hərəkətləri alır. Bu zaman qiymətlər düşər, istehsal və gəlir daralar, bunlara işsizlik və iflaslar yoldaşlıq edər, birjalar çökər.
Dünyada bir çox iqtisadi böhranlar olub. Lakin ilk böyük iqtisadi böhran 1929-cu ildə baş verib. Bu böhran əsasən, ABŞ-da başlamış sonra isə Avropanı bürümüş və əsasən də sənayeləşmiş ölkələri əhatə etmişdir. Böhranın səbəbləri kimi aşağıdakıları göstərə bilərik:
Birinci Dünya Müharibəsindən sonra ABŞ-da kiçik firmalar birləşdi və ABŞ-da həmin dövrdə 200 holdinq mövcud idi ki, bu da ümumi ABŞ iqtisadiyyatının 50%-ni təşkil edirdi. Bu böyüklükdə firmaların olması birinin çətin vəziyyətə düşməsi digərlərinin də həmin çətinliyə düşməsinə şərait yaradır.
Bankçılıq sektorunu tənzimləyəcək qanunların olmaması, şirkət təcrübəsinin az olması, ABŞ-ın Avropa ölkələrinə kredit verməsi və onu geri ala bilməməsi.
New York birjası 21 oktyabr 1929-cu ildə çökdü və böhran rəsmən başladı. Böhranın digər ölkələrə və regionlara yayılma nisbəti həmin region və ölkələrin ABŞ-la əlaqələrindən asılı olmuşdur.
Böhranın nəticəsi isə aşağıdakılardan ibarətdir.
Böhran daha çox sənayeləşmiş ölkələrə ziyan vurdu. 50 milyon insan işsiz qaldı, ticarət və istehsalın miqdarı yarı-yarıya enmişdir. ABŞ-da 4000 bank iflas etmişdir. Böhran 10 il davam etmiş və böhranda ən çox zərər mədən sənayesinə dəymişdir. İqtisadi böhrandan çıxan ilk ölkə isə Almaniya olmuşdur.
2007-ci ilin ortalarında özünü hiss etdirən və 2008-2009-cu illərdə şiddətlənən iqtisadi böhran ABŞ-dan başlayaraq dalğalar halında bir çox ölkələrə yayılmışdır. ABŞ-da başlayan qlobal iqtisadi böhranın təməlində ipoteka krediti ilə bağlı problemlər dayanırdı. Böhranın başlanğıc nöqtəsi ABŞ-da vətəndaşın normal gəliri ilə satın ala biləcəyindən daha çox mənzil inşa edilməsi və mənzil qiymətlərinin çox şişirdilməsi idi. Maliyyə strukturlarında yetərli yoxlamaların olmaması və müştərilərin aldığı kreditləri geri ödəməməsindən,iqtisadi böhran baş verdi deyə bilərik. ABŞ iqtisadiyyatının 2001-ci ildə durğunluğa girməsi və 11 sentyabr hadisələrinin baş verməsi istehlakçı və investorların iqtisadiyyata olan inamını itirməsi ABŞ Mərkəzi Bankının qısa müddətli faiz dərəcələrini 6.5%-dən 1.75%-ə qədər endirməsinə səbəb olmuşdur. Faiz endirildikdən sonra canlanan iqtisadiyyat 2003-2005-ci illər arası yüksək kar artışı yaratmışdır. Bu vəziyyət aşağı faizli asan borclanmaya imkan yaratmaqla bərabər, istehlakçı kreditlərinin yüksək səviyyədə artmasına səbəb olmuşdur. 2002-2005-ci illərdə tətbiq edilən neqativ real faiz dərəcələri ucuz pul və asan kredit strategiyaları nəticəsində qiymətlər yüksək dərəcədə artmışdır.
2008-ci ilin 4-cü rübü ərzində dünya iqtisadiyyatı zəifləməyə başladıqca neftə tələb də azalmağa başladı. Bunu görən spekulyantlar pullarını itirməmək üçün investisiya obyekti kimi aldıqları nefti satmağa başladılar və bu 2009-cu ilin iki ayı ərzində neftin qiymətinin birdən-birə $150-dən $38-ə düşməsinə səbəb oldu. Nəticədə, bu neft gəlirlərindən asılı olan bir çox ölkələrin, o cümlədən Azərbaycanın da neft ixracı gəlirlərinin kəskin azalmasına gətirib çıxartdı.
2008-ci ilin sentyabr ayında ABŞ-ın 4-cü böyük investisiya bankı olan “Lehman Brothers”ın iflasını açıqlaması iqtisadi böhranın rəsmən ortaya çıxdığı an kimi bilinməkdədir. İqtisadi böhranlar qlobal karakter aldığı üçün ölkələri mənfi yöndə təsir edəcək tərəflər ortaya çıxır. Məs: Qalıcı qlobal natarazlığın ortaya çıxması, beynəlxalq pul sisteminin işləyə bilməməsi, ölkələr arasında ticarət, pul, maliyyə siyasətləri arasındakı uyğunsuzluğun meydana gəlməsini göstərə bilərik.
1929 və 2008-ci illərdə baş verən böhranların müəyyən oxşar və fərqli cəhətləri vardır:
Hər iki böhrandan qabaq böyük bir kredit partlayışı ilə birlikdə xərcləmə və tələb artımı olmuşdur. 1920-ci və 2000-ci illərdə mənzil bazarında meydana gələn hərəkətlilik və kredit partlayışı pik nöqtəyə çatmışdır. Yenə hər iki böhranda bankçılıq sektoru yaxşı qurulmuş vəziyyətdə deyildi. 1929-cu il böhranından əvvəl maliyyə quruluşlarına qarşı bir inamsızlıq mövcud idi. ABŞ-da bankların kiçik və yıxılan quruluşa sahib olduğundan 1933-cü ildə böhran nəticəsində bağlanan və ya birləşən banklar nəticəsində ümumi bank sayı 50% nisbətində azalmışdır. 2008-ci il qlobal böhranında da 1929-cu ildəki kimi şiddətli olmasa da başda 150 illik “Lehman Brothers” olmaqla bəziləri iflas etmiş, bəziləri isə böyük banklara birləşmək məcburiyyətində qalmışdır. Dünya qlobal iqtisadi böhranında minlərcə bank iflas etmiş, yıxıcı bir deflyasiya zamanı başlamış, bir çox ölkənin milli gəliri 1/3 nisbətində kiçilmiş və işsizlik isə 25%-ə qədər yüksəlmişdir.
ABŞ-da başlayan və bütün dünyanı öz təsiri altına salan iqtisadi böhranın 1929-cu ildəki böhrandan fərqli olan tərəfləri vardır. Bu gün dünya böhran və böhranla mübarizədə daha çox bilgi və təcrübəyə sahibdir və s.
2008-ci il iqtisadi böhranının qaynağı olaraq daha çox qazanma istəyi, yəni bir acgözlük vurğusunu önə çıxarmalıyıq.
Sonda arzum budur ki, dünyada böhran olmasın. Bizlərdə bir çoxu deyir ki, görüm elə ABŞ dağılsın, inanın ki, ABŞ dağılsa artıq dünyada iqtisadi kollaps vəziyyətin qarşısını almaq olmaz və bu da bir çox ölkələr kimi əsas da bizi sirkələyər. Odur ki, çalışın Amerikaya qarğış oxumuyun. Və biz nə qədər desək ki, böhran Azərbaycana az təsir edir məncə bu o qədər də müsbət görünmür. Çünki, biz neft ixracatçısıyıq.