Bu gündən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə verilib.
Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin məlumatında bildirilib.
Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlara Kürdəmir stansiyasında dayanacaq verilib.
Yenidən qurulan Kürdəmir stansiyasında ümumi gözləmə zalı ilə yanaşı, VİP zal da sərnişinlərin xidmətindədir. Stansiyanın qarşısında şəxsi avtomobillərin parkinqi üçün ərazi mövcuddur.
Bakı–Kürdəmir istiqamətində biletlərin minimal qiyməti 11,10 manat təşkil edir. Qatar 203 km-lik məsafəni 2 saat 11 dəqiqəyə qət edir. Qeyd edək ki, pandemiyadan öncə qatarlar Bakıdan Kürdəmirə 3 saat 11 dəqiqəyə çatırdı.
Bilet satışı 17 aprel tarixindən ADY-nin rəsmi veb-saytı (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmiryol kassaları vasitəsilə həyata keçirilir.






