“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.3-cü və 14.4-cü maddələri, müvafiq olaraq, sığortaedən və sığortaolunan tərəfindən ödənilən sığorta haqqının, 14.5.1-ci maddəsi isə fərdi sahibkarın sahibkarlıq fəaliyyəti üzrə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqının hesablanması qaydalarını müəyyənləşdirir.
Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.
“Sosial sığorta haqqında” Qanunun 14.3-cü maddəsinə əsasən, sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun 22 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı isə – işçinin əməkhaqqının 3 faizi, 14.4-cü maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən şəxslər öz vəsaiti hesabına işçilərin əməyin ödənişi fonduna görə 44 manat + 200 manatdan çox olan məbləğin 15 faizi və işçilərin hesablanmış əməkhaqqından tutulmaqla 6 manat + 200 manatdan çox olan məbləğin 10 faizi həcmində məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.
Misal 1: Dövlət tikinti müəssisəsi Bakı şəhərində tikinti fəaliyyəti ilə məşğuldur. Müəssisənin əmək müqaviləsi ilə 10 nəfər işçisi var və hər işçiyə 700 manat əməkhaqqı ödəyir. Müəssisənin işçilərin əməkhaqqına görə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqının məbləğini hesablayaq.
Müəssisə işçiləri üçün əməyin ödənişi fondunun müəssisənin vəsaiti hesabına ödəməklə 1.540 manat (hesablanmış əməyin ödənişi fondunun 22 faizi, yəni 700 x 22% = 154 x 10 işçi = 1.540 manat) və işçinin əməkhaqqından ödəmə mənbəyində tutulmaqla 210 manat (işçilərin əməkhaqqının 3%-i, yəni 700 x 3% = 21 x 10 işçi = 210 manat) miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
Misal 2: Fərdi sahibkar Bakı şəhərində neft-qaz sahəsinə aid olmayan tikinti fəaliyyəti ilə məşğuldur. Fərdi sahibkarın əmək müqaviləsi ilə 5 nəfər işçisi var və hər işçiyə 1.000 manat əməkhaqqı ödəyir. Fərdi sahibkarın işçilərin əməkhaqqına görə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqının məbləğini hesablayaq.
Fərdi sahibkar işçiləri üçün əməyin ödənişi fondunun öz vəsaiti hesabına ödəməklə 820 manat (44 manat + 200 manatdan çox olan məbləğin 15%-i, yəni (200 x 22%) + (800 x 15%) = 164 x 5 işçi = 820 manat) və işçinin əməkhaqqından ödəmə mənbəyində tutulmaqla 430 manat (6 manat + 200 manatdan çox olan məbləğin 10%-i, yəni (200 x 3% = 6) + (800 x 10% =80) = 86 x 5 işçi = 430 manat) məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
“Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsində isə göstərilib ki, 2020-ci il yanvarın 1-dək ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 50 faizi, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 20 faizi: Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, respublika tabeli digər şəhərlərdə (Naxçıvan, Mingəçevir, Naftalan, Şirvan, Yevlax, Şəki, Lənkəran, Şuşa, Xankəndi) 80 faizi, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. 2020-ci il yanvarın 1-dən isə sahibkarlıq fəaliyyəti üzrə – minimum əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.
Misal 3: Fərdi sahibkar Sumqayıt şəhərində tikinti sahəsində xidmətlə məşğuldur. Bu zaman fərdi sahibkar öz fəaliyyəti üçün sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (180 manat) hər ay üçün 50 faizinin 90 faizi miqdarında, yəni 180 x 50% = 90 x 90% = 81 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
Misal 4: Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rəşad Əliyev Naxçıvan şəhərində əhaliyə məişət xidməti göstərir. Bu zaman fərdi sahibkar öz fəaliyyəti üçün sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğinin hər ay üçün 20 faizinin 80 faizi miqdarında, yəni 180 x 20% = 36 x 80% = 28,8 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
Misal 5: Naxçıvan şəhərində ərzaq məhsullarinin satışı ilə məşğul olan fərdi sahibkarın əmək müqaviləsi ilə 5 nəfər işçisi var və hər işçiyə 600 manat əməkhaqqı ödəyir. Fərdi sahibkarın həm özü üçün sahibkarlıq fəaliyyəti üzrə, həm də işçilərin əməkhaqqına görə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqının məbləğini hesablayaq.
Bu zaman fərdi sahibkar öz fəaliyyəti üçün sahibkarlıq fəaliyyətinə görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqınin hər ay üçün 50 faizi məbləğinin 80 faizi miqdarında, yəni (180 x 50% ) x 80% = 72 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir. Həmin şəxs işçiləri üçün əməyin ödənişi fondu üzrə öz vəsaiti hesabına ödəməklə 520 manat (44 manat + 200 manatdan çox olan məbləğin 15%-i, yəni (200 x 22%) + (400 x 15%) = 104 x 5 işçi = 520 manat) və işçidən ödəmə mənbəyində tutulmaqla hesablanmış əməkhaqqından 230 manat (6 manat + 200 manatdan çox olan məbləğin 10%-i, yəni (200 x 3%) + (400 x 10%) = 46 x 5 işçi = 230 manat) miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.