“ABŞ Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücumlara görə İranı ittiham etməklə gərginlik yaratmaq istəyir. Bu kimi fikirlərin əsası yoxdur”,
Bunu APA-nın Tehran bürosunun sualına cavab olaraq İran hökumətinin siyasi, ictimai və mədəniyyət üzrə sözçüsü Əli Rəbii deyib.
O bildirib ki, İran bölgədə sabitliyin tərəfdarıdır və belə hadisələrin baş verməsində maraqlı deyil.
“Təəssüflər olsun ki, bölgədə gedən müharibənin köklərinə diqqət edilmir. 5 ildən çoxdur Yəmən xalqı ən ağır hücumlara məruz qalır. İnsanlığa zidd hərəkətlərə şahid oluruq. Çox sayda günahsız insan öldürülüb, evlərindən didərgin düşüb. Yəmən xalqına qarşı amansız müharibə aparılır. Yəmənli mütəxəssislər imkan və potensiallarını genişləndiriblər. Onların da bölgədə müttəfiqləri var. İntiqam almaqla, qan tökməklə bölgədə münaqişələrin həlli mümkün deyil. Bilsinlər ki, bu yolun sonu dalana dirənəcək. Bölgədə yaşayan xalqlar bundan ziyan görəcək, hegemon güclər, o cümlədən ABŞ isə mənfəət qazanacaq”.
Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş təyyarəsi ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Bu da şirkətin hasilatının 50 faizinə bərabərdir.
Bu gün Yəməndəki Husi qiyamçı hərəkatı Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hər an hücum ediləcəyi barədə xəbərdarlıq edib.
APA