Azərbaycana idxal edilən məhsulların bir qisminin qiymətinin qonşu ölkələr ilə müqayisədə xeyli baha olması son zamanlar müzakirə olunan məsələlərdəndir.
Belə ki, istehlak bazarında uzun müddət qiyməti aşağı düşməyən məhsullardan biri də portağaldır. Hazırda Bakı supermarketlərində portağalın qiyməti orta hesabla 4,50 manatdan başlayır. Yay aylarından yüksələn qiymət payızda da dəyişmədi.
“Ola bilər bu meyvənin istehlakımızda payı çox deyil, amma bir məhsulun qiymətinin artıq aylarla dəyişməməsi və qonşu ölkələr ilə müqayisədə dəfələrlə baha olması iqtisadi əsaslar ilə izah edilə bilməz”, – deyə iqtisadçı Vüqar Bayramov bildirir.
O qeyd edir ki, qonşu Gürcüstanda keyfiyyətindən və istehsal yerindən asılı olaraq portağalın qiyməti 0,4-1,35 avro arasında dəyişir. Yəni, qonşu ölkədə sözügedən məhsulun qiyməti bizim istehlak bazarı ilə müqayisədə keyfiyyətindən asılı olaraq 2-5 dəfə ucuzdur. Orta aylıq əmək haqqısı 3 300 avro olan Avropanın siyasi paytaxtı hesab edilən Brüsseldə də portağalın qiyməti Bakı ilə müqayisədə aşağıdır: “Avropa pulu ilə ifadədə Bakıda portağalın 1 kilolqramı 2,38 avroya, orta aylıq əmək haqqısı bizdən 12 dəfə çox olan Brüsseldə isə 2,1 avroya satılır. Bunun səbəblərini iqtisadi baxımdan izah etmək mümkün deyil. Düşünə bilərsiniz ki, niyə sadəcə bir meyvənin qiymətini müzakirə edirik. Məsələ sadəcə portağalın qiyməti ilə bitmir. Bu əslində ondan xəbər verir ki, hələdə xarici ticarətimiz tam liberallaşmayıb. Belə olmasaydı sahibkarlar ən asan variantda Gürcüstandan həmin meyvəni gətirib daha ucuz qiymətə təklif edib gəlir əldə edə bilərlər. Deməli, bu meyvənin idxalı ilə az sayda sahibkarlar məşğul ola bilirlər: hətta bəzən rəsmi statistikada say çox görünsə də. Təəssüf ki, bu bir sıra digər ərzaq məhsulları üzrə də müşahidə olunur”.
V.Bayramov istehlak bazarında qiyməti region bazarları ilə müqayisədə kəskin yüksək olan məhsullar ilə bağlı monitorinq aparılaraq mətbuatda işıqlandırılmasnı və xüsusən də idxal prosesinin, yaşıl dəhlizin fəaliyyətinin monitorinqdə ictimai nəzarətin gücləndirilməsini təklif edib.
“Gizli iqtisadiyyatın minimumlaşdırılması, monopoliyanın tam aradan qaldırılması iqtisadiyyatın tam libeallaşdırılması ilə mümkündür”, – deyə o bildirir.