“Azərbaycanda spirtli içkilərdən istifadə halları Rusiyada olduğu qədər çox deyil. Amma buna baxmayaraq, ölkədə spirtli içkilər üçün vergi yükü artırılmalı, onların reklamı qadağan edilməlidir”.
Report agentliyi xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilkin səhiyyə xidmətləri üzrə eksperti Sampreeti Aypanciquli deyib.
ÜST rəsmisi bildirib ki, Azərbaycanda siqaret reklamı və ictimai yerlərdə siqaretin çəkilməsi qadağan edilməlidir: “Azərbaycanda birinci dəfə oluram. Küçədə insanların yol gedə-gedə və ya dayanaraq siqaret çəkdiyini görürəm. Ola bilsin ki, bu, Azərbaycan üçün məqbul haldır. Amma tezliklə vəziyyətin dəyişəcəyinə ümid edirəm”.
S.Aypanciquli əlavə edib ki, enerji içkiləri ÜST üçün yeni sahədir və artıq bu məsələyə də diqqət yetirilməyə başlanılıb: “Gənclər enerji içkilərini qəbul etməyə daha çox maraq göstərirlər. Onlar bununla daha çox kofein qəbul etmiş olurlar. Bu da sonda ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Enerji içkilərinin qadağan olunması ilə bağlı siyasət müəyyən edilməlidir”.