İtalyan-amerikan “Fiat Chrysler” avtomobil istehsalçısı və Fransanın PSA qrupu (“Peugeot”, “Citroen”, “Opel” istehsal edir) birləşmə haqqında gedən danışıqları təsdiq ediblər.
Banker.az xəbər verir ki, şirkətlər veb-saytlarında demək olar ki, eyni press-relizlər dərc edərək danışıqların “mobillik baxımdan dünyanın ən böyük şirkətinin yaradılması” haqqında məlumat yayıblar.
Qeyd edək ki, daha əvvəl “Fiat Chrysler” və PSA-nın birləşməsi haqqında mənbələrə istinadən “The Wall Street Journal” məlumat verib. Eyni zamanda, WSJ mənbələrinə görə, PSA prezidenti Karlos Tavares ortaq avtomobil istehsalçısının rəhbəri vəzifəsini, “Fiat Chrysler”-in direktorlar şurasının sədri Con Elkann isə yeni şirkətində eyni vəzifə tutacaq.
Mənbə bildirib ki, danışıqların uğurla başa çatacağına zəmanət yoxdur, şirkətlər hələki müxtəlif variantları nəzərdən keçirirlər.
Xatırladaq ki, yaz aylarında “Fiat Chrysler” Fransanın “Renault” şirkəti ilə danışıqlar aparsa da, tərəflər heç bir razılığa gələ bilməmişdir.
“Fiat Chrysler” şirkəti İtaliyanın “Fiat” holdinqinin 2014-cü ildə “Chrysler” şirkətini satın alması nəticəsində yaranıb. Konsernə məxsus olan şirkətlərdən “Alfa”, “Romeo”, “Dodge”, “Jeep” və “Maserati” nin adını çəkmək olar.
PSA – 1970-ci illərdə formalaşıb, hazırda “Peugeot”, “Citroen”, “Opel” və “Vauxhall” kimi brendlərə sahibdir.