2025-2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində Bakı ətrafında kənd və qəsəbələrə yeni dəmiryolu xətlərinin çəkilməsi, eləcə də mövcud xətlərin bərpası nəzərdə tutulur.
Proqram çərçivəsində Zabrat-Maştağa-Bağlar dəmiryolu xətti də yenidən istifadəyə veriləcək.
Hazırda Sabunçu rayonunun Maştağa qəsəbəsində hazırlıq və işarələmə işlərinə başlanılıb. Ərazidə yerləşən köhnə Maştağa dəmiryolu stansiyasının binasının təmir edilərək sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır. Uzun müddətdir fəaliyyət göstərməyən xəttin keçdiyi ərazini hazırda kol-kos bassa da, yaxın gələcəkdə burada dəmiryolu infrastrukturu bərpa olunacaq. Layihənin icrası zamanı dəmiryolunun mühafizə zolağına düşən bəzi fərdi yaşayış evləri və yarımçıq tikililər söküləcək. Plana düşən evlərin müəyyənləşdirilməsi üçün işarələmə aparılıb, mülkiyyət sahibləri ilə söhbətlər keçirilib və onlara söküntü barədə məlumat verilib.
Bildirilib ki, sakinlərə qanunvericiliyə uyğun kompensasiya ödəniləcək. Bundan əvvəl də Suraxanı və Hövsan ərazilərində dəmiryolu xəttinin bərpası məqsədilə söküntü işləri aparılıb. Suraxanı bazarının bir hissəsi və Hövsanda yerləşən bəzi fərdi yaşayış evləri sökülüb, sahiblərinə kompensasiya verilib. Zabrat-Maştağa-Bağlar dəmiryolu xəttinin istifadəyə verilməsi ilə həmin ərazilərdə yaşayan sakinlərin paytaxtın müxtəlif istiqamətlərinə gediş-gəlişinin daha rahat və əlçatan olacağı gözlənilir.







