9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın sığorta bazarı 7% daralıb

2019-cu ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 570.5 mln. manat  (ötən ilin eyni dövründə 617,17 mln. manat idi) məbləğində sığorta haqqı toplanıb, 225.5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının icmal göstəricilirənində deyilir.

Könüllü sığorta bazarı üzrə haqlar 387 mln. manat, ödənişlər isə 159.7 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 183.5 mln. manat, ödənişlər isə 65.8 mln. manat olub.

2019-cu ilin yanvar-oktyabr aylarında sektor üzrə məcmu sığorta haqlarının 67.8%-i könüllü, 32.2%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 70.8%-i könüllü, 29.2%-i icbari sığorta növləri hesabına formalaşıb.

Qeyri-həyat sığortasının könüllü növlərində 4% və ya 7.4 mln. manat, icbari növlərində isə 7% və ya 9 mln. manat olmaqla sığorta haqlarının artımı davam edir. Könüllü növlərdə ən böyük artım tibbi sığorta üzrə olub. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə 14% və ya 9.9 mln. manat artım müşahidə edilib. Könüllü növlər üzrə əmlak sığortası növlərindən nəqliyyat vasitələrinin sığortasında da (avtonəqliyyat vasitələrinin sığortası 25% və ya 5.7 mln. manat, su nəqliyyat vasitələrinin sığortası 28% və ya 1.7 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası 5% və ya 0.5 mln. manat) artım özünü göstərməkdədir.

İcbari sığortalar üzrə sığorta haqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 10% və ya 17.1 mln. manat artıb. Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayverləri daşınmaz əmlakın icbari sığortası (20% və ya 5.1 mln. manat artım), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (4% və ya 3.5 mln. manat artım) və məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası (9% və ya 1 mln. manat artım) növləri olub.

Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar ümumilikdə həyat sığortasında azalma olsa da, sosial-iqtisadi əhəmiyyət daşıyan növlərdən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 27% (8 mln. manat) artım olub.

Keçən ilin 10 ayı ilə müqayisədə ödənişlərdə  avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 10.9 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5.4 mln. manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2.8 mln. manat  və həyatın yaşam sığortası 2.6 mln. manat artım olub. Azalma isə əsasən ümumi mülki məsuliyyətin sığortası (0.8 mln. manat), hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası (0.5 mln. manat) və hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası (1.8 mln. manat ) üzrə olub. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.

Son xəbərlər
Digər xəbərlər