2 C
Baku
Saturday, December 14, 2024

Parlament hansı hallarda buraxıla bilər?

Bu gün hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclası keçirilib. İclasda partiya növbədəkənar parlament seçkilərinin keçirilməsi barədə qərar verib. Bu partiyanı təmsil edən deputatlara da tövsiyə olunub ki, onlar parlamentin buraxılması ilə bağlı ölkə prezidentinə müraciət etsinlər.

Bəs parlament hansı hallarda buraxıla bilər?

Parlamentin təklif olunan formada buraxılması Konstitusiyanın 98.1-ci maddəsinə uyğun gəlmir. Həmin maddədə Milli Məclisin buraxıla biləcəyi hallar belə sıralanır:

Milli Məclisin eyni çağırışı 1 il ərzində 2 dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə;

Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri prezident iki dəfə təqdim etdikdən sonra, qanunla nəzərdə tutulan vaxtda müəyyən etməyəndə;

Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini icra etməyəndə ölkə başçısı parlamenti buraxa bilər.

Yəni parlament hər hansı bir səbəbdən 95-ci (Milli Məclisinin həll etdiyi məsələlər ) və 96-cı ( Qanunvericilik təşəbbüsü hüququ) maddələri, həmçinin 97-ci ( Qanunların imzalanmaq üçün təqdim olunması müddəti ) maddənin müəyyən bəndlərindəki funksiyasını icra edə bilməməlidir.

Parlamenti ən qısa vaxtda necə buraxmaq olar?

1. Hazırkı Konstitusiyaya əsasən parlamenti buraxmağın ən tez yolu 95-ci maddənin 5-ci hissəsinə uyğun davranmaqdır. Bunun üçün Prezident parlamentə “təcili” elan edilən bir qanun lahiyəsi göndərməli və parlament də bu layihəni 20 gün ərzində səsverməyə qoymamalıdır. 20 gün sonra prezident Sərəncam qəbul edərək parlamenti buraxa bilər.

2. Azərbaycan Milli Məclisində 125 yer var və hazırda 118 deputat fəaliyyət göstərir. Parlamentin iclasının səlahiyyətli hesab olunması üçün ən azı 83 deputat iştirak etməli və səsvermədə 63 və ya 83 səs çoxluğu ilə qərarlar qəbul etməlidir. Parlamentdəki partiyalar arasında səs çoxluğu hakim Yeni Azərbaycan Partiyasından olan deputatlardadır və onlar kütləvi istefa verərsə bu say aşağı düşəcək və işləməyəcək. Bu da o deməkdir ki, 98. 1-ci maddədəki səlahiyyəti icra etmək hüququ Prezidentə keçir.

Növbədənkənar parlament seçkisi keçirilsə, onun səlahiyyət müddəti neçə il olacaq?

Konstitusiyanın 98. 1-ci maddəsinin II hissəsində deyilir ki, növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Amma bu müddət 5 ildən çox ola bilməz. Konstitusiyaya görə, bu halda Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.

Seçkilər hansı halda keçirilə bilməz ?

Qanunla nəzərdə tutulan bir neçə hal var ki, həmin vaxt ölkə ərazisində seçki və ya referendum keçirilə bilməz. Bu hallar:

  • Azərbaycan ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edildikdə

  • Hərbi və ya fövqəladə vəziyyət zamanı

  • Hərbi və ya fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində

  • Seçkilərin təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi olaraq dərc edilir.

Mikroskop Media

Son xəbərlər
Digər xəbərlər