“2019-cu ilin avqust-sentyabr aylarında 13 ölkədən 2000 turist arasında sorğu keçirilib. Sorğuda iştirak edənlərin təxminən 20 faizi Azərbaycana səfərlərini turpaketlə edib, 63 faizi isə fərdi qaydada gəlib”.
Bu barədə “Azərbaycan Turizm Sammiti – 2019” tədbirində hesabatın təqdimatı zamanı bildirilib. Hesabatda qeyd edilib ki, hər şey daxil paketini daha çox Ukrayna, İran və Birləşmiş Ərəb Əmirliklərindən olan turistlər alıb. Turistlərin yarıdan çoxu Bakıda qalmağa üstünlük verib. Hesabata görə, turistlərin Azərbaycanda ən çox getdiyi 4 rayon – Qəbələ, Quba, Şəki və Qusardır. Sorğuya görə, Azərbaycana ilk dəfə gələnlər 75 faiz, ikinci dəfə gələnlər 10 faiz, 3 dəfədən çox gələnlər isə 15 faiz olub. Əyləncə və istirahət üçün gələnlər 60 faiz, dostlar və ailəyə baş çəkmək üçün gələnlər 11 faiz, iş səfəri üçün gələnlər isə 16 faiz, sağlamlıq və müalicə üçün gələnlər isə 11 faiz təşkil edib.
Araşdırma göstərir ki, əksər turistlər turizm məkanlarına ailə üzvləri və dostları ilə səyahət etməyə çalışırlar. Sorğuya əsasən, ailə ilə səyahət edənlər əsasən yerli turistlərdir. Hesabata görə, azərbaycanlıların 64,8 faizi ailə üzvləri ilə birlikdə səyahət edirlər. Qonaqların əksəriyyəti 5 və 4 ulduzlu otellərdə, ya da qohumların evlərində qalmağa üstünlük verirlər. Əcnəbilərin 35 faizi, yerli turistlərin isə yalnız 16 faizi 5 ulduzlu otellərdə qalır. Azərbaycanlıların isə hər 3-dən biri bölgələrə gedərkən qohumların və ya dostların evində qalır. Hesabata görə, yerli turistlər gündəlik 207,2 manat, əcnəbi turistlər isə 422,5 manat xərcləyirlər. Xərclərin çoxu yerləşmə, qidalanma və alış-verişi əhatə edir.
Sorğuda turistlərin narazı qaldığı məqamlar da açıqlanıb. Məlumata görə, əcnəbilərin narazı qaldığı əsas məqamlar aviabilet və yerləşmənin qiymətləri, bölgələrdə görməli yerlərə əlçatanlıq səviyyəsi və ictimai nəqliyyatın keyfiyyəti məsələsidir.
©APA