“Naftalan şəhərini müasir kurort mərkəzinə çevirmək cəhdlərimiz, hesab edirəm ki, çox uğurludur”.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
Dövlət başçısı Prezident kimi ilk dəfə Naftalana səfərini xatırladıb: “Mən Prezident kimi ilk dəfə Naftalana gələndə ürəyim ağrıdı, çünki gördüm, demək olar ki, şəhər dağılmış vəziyyətdədir. İnfrastruktur yox, işıq yox, qaz yox, su yox, yollar bərbad. Sovet vaxtında tikilmiş sanatoriyalar dağılmış və şəhərdə minlərlə köçkün məskunlaşmışdı, onların da vəziyyəti çox ağır idi. Ona görə göstəriş verdim və tapşırdım ki, vəsait ayrılsın. İlk növbədə, biz köçkünləri köçürdük və onlar üçün gözəl evlər tikdirdik. Ondan sonra investorları cəlb etdik və onlar investisiya qoymağa başladılar. Bununla paralel olaraq, Naftalan şəhərindəki bütün hündürmərtəbəli binalar əsaslı şəkildə təmir olundu, yeni parklar salındı, mərkəzi şəhər xəstəxanası, beşulduzlu üç otel – “Çinar”, “Qarabağ” və “Qaşaltı” açıldı. Bütün açılışlarda mən şəxsən iştirak etmişəm. Hazırda dördulduzlu və üçulduzlu otellərin tikintisi davam etdirilir. Sovet vaxtında Naftalana hər il müalicə üçün 70 min adam gəlmişdi. Biz indi bu hədəfə doğru gedirik. Artıq təqribən 30-40 min insan gəlir dincəlməyə və müalicə almağa. Naftalanı beynəlxalq turizm mərkəzi kimi inkişaf etdirmək bizim başlıca vəzifəmizdir. Şəhər İcra Hakimiyyəti bu işlərə böyük diqqət verməlidir”.
Prezident İlham Əliyev əlavə edib ki, Naftalanda yaşayan vətəndaşların mütləq əksəriyyəti xidmət sektorunda fəaliyyət göstərir.
“Bir sözlə, sizə göstərilən bu etimad doğrudan da sizin üçün böyük avansdır. Çünki indiki şəraitdə kadrlara qarşı tələbkarlıq artır. Kadrlar qarşısında çox ciddi vəzifələr qoyulur, xüsusilə pozuntularla bağlı, rüşvətxorluq, korrupsiya sıfır dərəcəsində olmalıdır. İnvestorları incitməməlisiniz, əksinə, onlara kömək göstərməlisiniz, onları cəlb etməlisiniz ki, vətəndaşlar sizin işinizdən razı qalsınlar. Əgər vətəndaşlar razı olsalar, – atalar sözü var, “Xalqın gözü tərəzidir”, – mən də razı olacağam və sizin fəaliyyətinizə yüksək qiymət verəcəyəm. Yox əgər mənim etimadımı doğrultmasanız, onda sizi çox ciddi cəza gözləyir. Əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz və müasir dövrün tələblərinə cavab verərək rəhbərlik edəcəyiniz Naftalan şəhərinin, Hacıqabul rayonunun inkişafına öz töhfənizi verəcəksiniz”, – deyə dövlət başçısı bildirib.