5 C
Baku
Saturday, December 14, 2024

Sahibkarlar mağazalarının sığortalanmadığını, “EuroHome”un sahibi isə əksini deyir

Xəbər verdiyimiz ki, bu gün səhər saatlarında “EuroHome”da zərərçəkmiş sahibkarlar, onların vəziyyəti ilə heç kimin maraqlanmadığını iddia edərək Bakı-Sumqayıt yolunu bağlayıblar.

Mağaza sahibləri dəymiş ziyanın qarşılanmasını və ya konpensasiya ödənilməsini tələb edirlər. Onlar həmçinin, dəfələrlə sığorta şirkətlərinə mağazalarını sığortalatmaq üçün müraciət etdiklərini, şirkətlərin bundan boyun qaçırdığını, səbəb kimi isə obyektin təhlükəsizliyinin tam təmin olunmamasını göstərdiklərini bildiriblər.

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev hadisə yerinə gəlib aidiyyatı qurumlardan məsələ ilə bağlı məlumat alıb.

“EuroHome”un sahibi və  AF Holdinq Şirkətlər Qrupunun prezidenti Azay Möhnətov da buraya gələrək, E. Allahverdiyev və aidiyyatı qurumların nümayəndələri ilə görüşüb.

E. Allahverdiyev mətbuata açıqlamasında bildirib ki, məsələ ilə bağlı mağaza sahibləri ilə ayrıca görüşəcəklər.
Bazarın sahibi A. Möhnətov sahibkarların dediklərinin əksinə, mağazaların sığortasının olduğunu bildirib.
Sonda icra başçısı və A. Möhnətov mağaza sahiblərini qəbul edib və onlarla söhbət aparıblar.

Qeyd edək ki, dekabrın 10-da Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğınsöndürənlərin şücaəti ilə yanğından mühafizə olunub və yanğın söndürülüb.

İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb.

©Yeniavaz.com

Son xəbərlər
Digər xəbərlər