“Azərbaycanda problemli kreditlər məsələsi gündəmdədir. Lakin kredit portfelinin strukturuna nəzər saldıqda, ipoteka kreditlərinin ən etibarlı kredit növü olduğunu görərik. Etibarlılıq ilk növbədə ipotek kreditləri şərtlərinin çətin olması ilə əlaqədardır və digər istehlak kreditlərindən əsas fərqi onun hər arzusunda olan şəxsin ala bilməməsidir. Problemli kreditlərin yaranması səbəbi, insanın öz şəxsi imkanlarını düzgün qiymətləndirməməsindədir. Biz daim ipoteka mexanizmini tənqid edir və onun şərtlərinin yüngülləşdirilməsini tələb edirik. Və ola bilsin ki, yalnız az bir qrup insanın ipoteka krediti əldə edə bilməsi müsbət amildir. Bu krediti isə öz imkanlarını düzgün qiymətləndirməyi bacaran və onu ödəmək iqtidarında olan insanlar əldə edirlər”. Bunu iqtisadçı ekspert Samir Əliyev verdiyi müsahibə zamanı bildirmişdir.
O həmçinin qeyd etmişdir: “Bu səbəbdən də, Azərbaycanda problemli ipoteka kreditləri azlıq təşkil edir. Bundan əlavə, problemli ipoteka krediti məsələsində ikinci mühüm amil insanların çox şeylərini itirməyə hazır olmalarıdır, hətta avtomobildən. Lakin insanların asanlıqla imtina etdiklərinə daşınmaz əmlak daxil deyil. Kreditini ödəyə bilməyib evini satan borcalanlara gəldikdə isə bizdə bununla bağlı Amerikadan fərqli olaraq narahatlığa əsas yoxdur. Amerikada böhran zamanı daşınmaz əmlakın dıyıri enməyə başlayır. Bizdə isə hazırda daşınmaz əmlak nümunələrinin qiyməti artmaqda davam edir və növbəti illər ərzində də artmağa doğru gedəcək. Bu səbədən də, indi iki il əvvəl aldığı evini satan insanlar heç nə itirməyəcək, əksinə bundan gəlir əldə edəcək. Bütün bunları nəzər alaraq demək olar ki, hazır ki problem bizim üçün çox da aktual deyil və gələcək bir neçə il ərzində də aktual olmayacaq. Gələcəkdə nə olacağı isə ölkənin makroiqtisadi vəziyyətindən asılıdır və vəziyyətin dəyişməsi istisna olunmur”.