Nazirlər Kabineti “Məişət abonentlərinin tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nda dəyişiklik edib.
Banker.az xəbər verir ki, bu Qayda məişət abonentlərinin (sifarişçilərin) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir.
Dəyişiklik texniki şərtlərin və layihə sənədlərinin alınması üçün müraciət edilməsi, habelə həmin sənədlərin hazırlanması və verilməsi ilə bağlıdır. İndiyə qədər tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər sifarişçinin müvafiq yerli icra hakimiyyəti orqanına müraciətinə əsasən həmin orqanın sorğusu ilə bu Qaydada nəzərdə tutulmuş tələblərə əməl olunmaqla verilib.
Dəyişikliyə əsasən, bundan sonra tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər sifarişçinin müvafiq yerli icra hakimiyyəti orqanına deyil, tikintiyə icazə verən orqana (quruma) müraciətinə əsasən həmin orqanın sorğusu ilə bu Qaydada nəzərdə tutulmuş tələblərə əməl olunmaqla veriləcək.